Bölgələrdə 22 iyul – Milli Mətbuat Günü müxtəlif tədbirlərlə qeyd olunub.

Şəkidə Bəxtiyar Vahabzadənin Ev-Muzeyində "Mətbuatımız bu gün" adlı görüş keçirilib.

Görüş Şəki Mərkəzi Kitabxanası, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Vaqif İbrahim adına Folklor evi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə "Şəki" qəzetinin baş redaktoru Akif Salam, "Şəkinin səsi", "İpəkçi" qəzetlərinin və "Şəki Ensiklopediyası”nın baş redaktoru Aydın Məmmədov, Şəki Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin əməkdaşı Vüsal Həsənov və mətbuat işçiləri, yazarlar iştirak ediblər.

Çıxışlarda milli mətbuatımızın inkişaf yolundan və müasir vəziyyətindən söz açılıb.

Sonda MİHİ Şəki rayon komitəsinin sədri Nəzakət Əliyeva media təmsilçilərinə və yaradıcı şəxslərə fəxri fərman və hədiyyələr təqdim edib.

***

Masallı rayon Mərkəzi Kitabxanasında Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə tədbir keçirib. Vurğulanıb ki, mətbuat cəmiyyətin aynasıdır və ictimai şüurun, mənəviyyatın inikası kimi vacib missiya həyat keçirir. Bu baxımdan Azərbaycan milli mətbuatı milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu olaraq çıxış edib. 149 il öncə ilk qəzetimiz “Əkinçi”ni yaradan Həsən bəy Zərdabinin xidmətləri bütün gələcək nəsillər üçün gerçək örnəkdir.  

Tədbir çərçivəsində kitabxanada və muzeydə yerli mətbuat tarixini əks etdirən qəzet və kitablardan ibarət sərgi də təşkil olunub.

***

Lənkəran şəhər Mərkəzi Kitabxanasında Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Kitabxananın direktoru vəzifəsini icra edən Arzu Rufullayeva milli mətbuatımızın keçdiyi yoldan söz açaraq mətbuatın bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu söyləyib. Bildirilib ki, bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısının diqqət mərkəzindədir.

Sonda yerli mətbuat işçiləri Lənkəran şəhər Mərkəzi Kitabxanasının fəxri fərmanları ilə təltif olunublar.

***

Tovuz rayon Mərkəzi Kitabxanası Milli Mətbuat Günü ilə əlaqədar "Azad media Azərbaycanın misilsiz mənəvi sərvətidir" mövzusunda sərgi və dəyirmi masa təşkil edib. Tədbirdə çıxış edənlər Azərbaycan mətbuatının yaranması və keçdiyi tarixi yol barədə məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan dövri mətbuatının bünövrəsi sayılan "Əkinçi" qəzeti Azərbaycan xalqının mənəvi mədəniyyəti tarixində şərəfli və qürurlu bir səhifə açıb. Belə ki, "Əkinçi" qəzeti özündə sonra neçə-neçə mətbu və ədəbi məktəbin formalaşmasına təkan verib, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa təsir göstərib. Bu gün Azərbaycanda mətbuatın xidməti yüksək qiymətləndirilir, jurnalistikanın və mətbuat azadlığının inkişafına xüsusi önəm verilir.

Şəmkir rayon Mərkəzi Kitabxananın uşaq şöbəsi "Mətbuatın günəşi" adlı tədbir təşkil edib. Çıxışlarda qeyd olunub ki, "Əkinçi"dən güc alan Azərbaycan mətbuatı bu gün fəaliyyətini günümüzün reallıqları səviyyəsində qurmağı bacaran müstəqil media vasitəsinə çevrilib. Tədbirin sonunda mövzu ilə əlaqədar təşkil edilmiş kitab sərgisinə baxış olub.

***

Şirvan şəhər Mərkəzi Kitabxanası və şəhər Mədəniyyət Mərkəzinin "Energetik" klubunun birgə təşkilatçılığı ilə "Mənəvi dünyamızın inkişafı" adlı tədbir keçirilib. tədbirdə  Qeyd edilib ki, milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verib, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib.

Neftçala rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə də milli mətbuatın 149 illik zəngin və şərəfli yoluna nəzər salınıb, ölkəmizin müstəqilliyi bərpa olunandan sonra mətbuat sahəsində əldə olunan uğurlardan söz açılıb.

Hazırladı: N.Məmmədli