Şəhər turlarına start verildi

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə bağlanmış razılaşmaya əsasən dünyada şəhər turları üzrə brend olan "City Sightseeing Worldwide" şirkətinin Bakıda nümayəndəliyi yaradılıb.

1999-cu ildə İspaniyanın Sevilya şəhərində qurulan şirkət hazırda 33 ölkənin 100-dən çox şəhərində turistlərə və yerli əhaliyə tarixi və mədəni irsi əyani şəkildə göstərmək üçün audioqid vasitəsilə ekskursiyalar təşkil edir. Artıq bu nümunəvi xidmət paytaxt Bakıda da fəaliyyətə başlayır.
Aprelin 4-ü “City Sightseeing Baku”nun təqdimatı və paytaxtda KİV nümayəndələri üçün ilk tur keçirildi. İkimərtəbəli MAN markalı avtobuslarda təşkil edilən tur şəhərimizin ən görməli və gəzməli yerlərindən keçir, iştirakçılara dolğun məlumatlar verilir. Məlumatlar avtobusda xüsusi sistemlə quraşdırılmış avadanlıq vasitəsilə 8 dildə (Azərbaycan, ingilis, rus, ispan, alman, fransız, fars və yapon) səsləndirilir. Azadlıq meydanının qarşısından start götürən tur müəyyən edilmiş marşrutla 15 dayanacaq üzrə davam edir. Buraya Heydər Əliyev Mərkəzi, Qız qalası, Dağüstü park, Bayraq meydanı, Müasir İncəsənət Muzeyi, Dənizkənarı Milli Park və digər görməli yerlər daxildir. Şəhər turu üçün əldə edilmiş bileti 24 saat ərzində "hop on - hop off" sistemi ilə istifadə etmək olar. Yəni hər bir şəxs istənilən dayanacaqda düşüb növbəti avtobusla ekskursiyanı davam edə bilər. Turlar qış mövsümündə saat 11:00-dan 20:00-dək, yay mövsümündə isə saat 11:00-dan 22:00-dək 30 dəqiqə intervalla təşkil ediləcək.
Jurnalistlər, hotel işçiləri, 5 yaşa qədər uşaqlar və əlil insanlar üçün turlar pulsuzdur. Müharibə veteranları, təqaüdçülər və tələbələr müvafiq vəsiqələrini təqdim etməklə xüsusi güzəştlə bu gəzintilərdən yararlana bilərlər.
Bundan sonra Bakıya gələn turistlər və şəhəri tanımaq istəyən hər kəs bu xidmətdən istifadə edə biləcək. Aprelin 7-dən şəhər turlarına start verilib.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar