Xəbər verdiyimiz kimi, 20-23 iyul tarixlərində Bakıda Özbək Kinosu Günləri keçirilib. Tədbirlə əlaqədar Özbəkistan mədəniyyət nazirinin birinci müavini Avazxon Tadjixanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdi.

Səfər gedişində Avazxon Tadjixanov Milli Azərbaycan Tarixi Muzeyində olub. Qonağı Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov müşayiət edib.

Muzeyin elmi işlər üzrə direktor müavini dosent Fərhad Cabbarov mədəniyyət ocağının yeni ekspozisiyası barədə məlumat verib. Ekspozisiyada nümayiş olunan nadir eksponatlar qonağın marağına səbəb olub.

Ekspozisiyadan zəngin təəssürat aldığını bildirən Avazxan Tadjixanov muzeyin rəy kitabına ürək sözlərini yazıb və xatirə şəkilləri çəkdirilib.

Lalə Azəri