Cəmiyyətin ilk nümayəndəliyi Azərbaycanda açılacaq

Bakıda keçirilən XIII Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisində rastlaşdığımız maraqlı qonaqlar arasında “ONE LİFE” (“Bir həyat”) adlı turizm cəmiyyətinin təsisçisi Artemiy Surin və qurumun regionlarla əməkdaşlıq üzrə nümayəndəsi Dmitri Noviski də var idi. Onların Bakıya səfəri sərgidə stendlə təmsil olunmaq deyil, hələlik tanışlıq xarakteri daşıyırdı. Məqsəd isə öz yeni ideyaları ilə turizm dünyasına tamamilə fərqli bir istiqamət gətirdiklərini diqqətə çatdırmaq və cəmiyyətin Azərbaycanda nümayəndəliyini açmaqdır. Odur ki, paytaxt Bakı ilə yanaşı, bir sıra bölgələrə də baş çəkib, ölkəmizin turizm imkanları ilə tanış olublar. Onları səfərdə cəmiyyətin Azərbaycan nümayəndəsi Fərid Mustafazadə müşayiət edib. Bu barədə bir qədər sonra. Hələlik isə “ONE LİFE”ın turizmə gətirdikləri yeni mexanizmlərlə tanış olaq.

“İnsana həyat yoluna başlamaq üçün motivasiya lazımdır”

Mərkəzi ofisi Ukraynanın paytaxtı Kiyevdə yerləşən şirkətin yaradıcısı Artemiy Surin vaxtilə ciddi, kifayət qədər nüfuzlu və gəlirli şirkətə rəhbərlik edib. Hər zaman səyahət arzusunda olsa da, iş həyatı ona bu imkanı vermir. O, vaxtını yalnız işə həsr etdiyindən bu həyatın onun üçün cansıxıcı olduğunu deyir: “Tezliklə başa düşdüm ki, belə həyat tərzi əslində yaşamaq deyil, yaşayışdır. Çünki yalnız bizneslə yaşamaq həyat deyil. Mən hər zaman səyahəti sevmişəm və məhz bu yolla da həyatımı dəyişdim. Bu həyatın motivasiyasıdır və hər kəsi buna dəvət edirəm. İnsana həyat yoluna başlamaq üçün motivasiya lazımdır. Beləliklə, “ONE LİFE” cəmiyyəti meydana gəldi. Bu sözün izahı sadə olduğu qədər də, fəlsəfidir. Hər kəs bir ömür yaşayır və bu həyatı faydalı, əyləncəli, zəngin keçirmək istəyən maraqlı insanlarla tanış olmaq lazımdır. Əlbəttə, hər kəsin həyatda öz hekayəsi olur və bu da mənim həyat hekayəmdir. Görəndə ki, ətrafına müxtəlif ölkələrdən minlərlə insan toplaşıb, o zaman deyirsən, yaşamağa dəyər. Mən əvvəlcə öz bloqumda “ONE LİFE”-ın ideyaları barədə yazdım və gördüm ki, bizə dərhal xeyli insanlar qoşuldu. Sevindirici haldır ki, ABŞ, Avropa daxil olmaqla dünyanın çox yerlərindən bizim cəmiyyətə çoxlu adamlar cəlb olunur”.

“Yaxta turizmi varlılar üçündür” stereotipi aradan qalxır

Qeyd edək ki, “ONE LİFE”-ın təklif etdiyi turizm növləri - yaxta turizmi, alpinizm, dağlarda ekspedisiya sırf aktiv insanlar üçün nəzərdə tutulub və insanların bir-biriləri ilə birbaşa ünsiyyətdə olmasından meydana gələrək, yeni mexanizmləri ortaya qoyur. A.Surinin dediyinə görə, insanları bir araya gətirmək, dostlaşdırmaq, onlara həyatın bir olmasını aşılamağa çalışan “ONE LİFE”-ın əsas hədəflərindən biri yaxta səyahətidir: “Əslində, səyahətin bu növünü seçməklə onun daha ucuz başa gəlməsini sübut edərək, yaxta turizminin yalnız varlılar üçün nəzərdə tutulması haqqında stereotipləri qıra bildik. Biz yaxta ilə səyahəti sosial trend kimi elan etdik və bu çox uğurlu alındı. Bu günə qədər Karib dənizi, Aralıq dənizi və Hind okeanına səyahətlər etmişik. Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda belə hesab edirlər ki, yaxta zəngin, imkanlı adamların səyahət edə biləcəyi vasitədir. Amma əgər siz bizim səyahətə qoşulmaq istəyirsinizsə, sizin kapitanla birlikdə bir həftəlik səyahətiniz aviabilet, dayanacaqlar, müxtəlif əyləncələr və s. daxil olmaqla cəmi 1500-1700 avroya başa gələcək. Hazırda yelkənli yaxtalarda bütün dünya üzrə böyük səyahətlərə çıxırıq. Bizi Avropa ölkələrini, Latın Amerikasını görmək sevindirir. Sevindirici haldır ki, qısa müddət ərzində kütləviliyə görə rekord əldə etmişik”.

İnsanların qonaqpərvərliyi bizi təəccübləndirdi

Söhbət əsnasında qonaqların ilk dəfə səfər etdikləri ölkəmiz haqqında təəssüratlarını da soruşduq. Dmitri Noviskinin dediyinə görə, Azərbaycanda onları ən çox təəccübləndirən inkişaf etmiş infrastruktur və insanların qonaqpərvərliyi olub: “Heç ağlımıza da gəlməzdi ki, Azərbaycan hətta Birləşmiş Ərəb Əmirlikləri səviyyəsində inkişaf edib. Bizim Gürcüstanda çoxlu dostlarımız var, bu ölkəyə çoxlu turist gəlir. Buraya gələnə qədər isə Azərbaycan haqqında heç nə bilmirdik. Yəqin bu informasiya azlığından irəli gəlir və bu səhvi düzəltməyi öz missiyamız hesab edirik. İstəyirik ki, Azərbaycana da çoxlu turist gəlsin”.
Bu istiqamətdə bəzi həlli vacib məsələlərin olduğunu deyən qonaq qiymət məsələsinə toxundu: “Məsələn, uçuş qiymətləri çox bahadır. Misal üçün bildirim ki, Kiyevdən Bakıya uçuş-dönüş 500 avroya başa gəlir. Amma, gəlin, müqayisə edək: mən yanvarda 700 dollara Los Ancelesə, Vaşinqtona uçmuşam. Hətta 800-1000 dollara Tailanda uçmaq olar. Uçuş qiymətlərinin baha olması turizm əlaqələrimizə maneədir. Bundan başqa, dostlarımız deyir ki, Azərbaycanda turistlər üçün münasib qiymətə hotellər azdır. Ölkənizdə 5 ulduzlu hotellərə daha çox yer verilib. Nisbətən ucuz qiymətə hotellərin sayının artması ölkəyə turist axınına da təsir edə bilər. Buraya gələn hər kəs gedib ölkəsində Azərbaycanın gözəlliyi, turizm imkanları haqqında danışacaq, bu da ən yaxşı reklamdır”.

Niyə məhz Azərbaycan?

Yuxarıda qeyd etdiyimiz kimi, “ONE LİFE” özünün ilk regional nümayəndəliyini Bakıda açmağa hazırlaşır. Cəmiyyət təsisçisi A.Surinin dediyinə görə, Azərbaycana gələnə qədər belə bir fikir heç ağıllarına da gəlmirmiş: “Bir neçə gün ərzində Bakı, Qəbələ və Şəkidə olduq. Azərbaycanın gözəl turizm imkanları bu ölkədəki mədəni dəyərlərin çoxluğu, tolerantlıq mühiti, lazımi infrastrukturun olmasıdır. Ölkənizdə gözəl turizm imkanları var və bu, dünyaya hələ də kifayət qədər təqdim olunmayıb. Biz bu istiqamətdə müəyyən addımlar atacağıq. Media texnologiyaları vasitəsilə bu imkanları təbliğ etmək lazımdır. Onu da deyim ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bizimlə maraqlandı, çox səmimi söhbətimiz oldu. Ona görə də “ONE LİFE”-ın ilk nümayəndəliyini Bakıda açmaq qərarına gəldik”.
Qurumun Azərbaycan üzrə nümayəndəsi Fərid Mustafazadə isə hesab edir ki, “ONE LİFE” hər şeydən öncə bir cəmiyyətdir və insanlar burada öz adət-ənənələrini birləşdirirlər: “Bu, turizmdə yeni bir qoldur və bu günə qədər Azərbaycanda turizmlə bağlı mövcud olan stereotipləri qıraraq daha yeni formalı turizm mexanizmləri gətirir. Ukraynadakı dostlarımızın bu işdə böyük təcrübəsi vardır. Onların əldə etdiyi təcrübədən yararlanaraq ölkəmizi dünyaya qısa müddətdə daha çox tanıda bilmək gözəl şansdır. Sadəcə olaraq onu dəstəkləmək lazımdır”. Şirkətin Azərbaycanda nümayəndəliyinin fəaliyyətə başlamasına gəlincə, bu, sentyabr ayında rəsmi açılış mərasimindən sonra nəzərdə tutulub.

Mehparə Sultanova