Azərbaycan 48 idmançı ilə 15 idman növündə təmsil olunacaq

 

İyulun 26-da Parisdə 33-cü Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olacaq. Avqustun 11-dək davam edəcək olimpiadaya 204 ölkədən 10500 idmançı qatılıb. Fransa paytaxtı sayca üçüncü Yay Olimpiadasına ev sahibliyi edir. Paris 1900-cü və 1924-cü illərdə bu şərəfə nail olub. Beləliklə, yüz il sonra yenidən dünyanın ən böyük idman tədbirini qəbul edən Paris Yay Olimpiya Oyunlarına ev sahibliyi sayında Londona (1908, 1948, 2012) çatacaq.

Oyunlar ümumilikdə 32 idman növünü əhatə edəcək, onlardan 28-i əsas, 4-ü (breyk-dans, qayaya dırmanma, skeytbordinq, sörfinq) əlavə idman növləri sayılır. Yeri gəlmişkən, indiyədək incəsənət (rəqs) növü kimi tanıdığımız breyk-dans ilk dəfə olimpiada proqramına salınıb.

Bir sıra növlər üzrə yarışlar (o cümlədən futbol, basketbol, yelkən idmanı) Fransanın digər şəhərlərində də keçiriləcək. Sörfinq (su idman növü) yarışı isə Parisdən minlərlə kilometr uzaqda – dənizaşırı Fransız Polineziyasında (Sakit okeanın cənubunda) təşkil olunacaq. Görünür, Fransa bununla öz müstəmləkələrini bir daha dünyaya tanıtmaq istəyir.

Paris Olimpiadasının devizi “Hamı üçün açıq Oyunlar” olsa da, Beynəlxalq Olimpiya Komitəsi Ukraynadakı müharibə səbəbindən Rusiyaya yarışlarda iştirakı qadağan edib.

Azərbaycandan 33-cü Yay Olimpiya Oyunlarına 15 idman növü (17 proqram) üzrə 48 idmançı qatılacaq. Bu, ölkəmiz üçün olimpiadalar tarixində ən geniş (növ sayına görə) təmsilçilik sayılır.

İyulun 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızın bir qrupunun Parisə yolasalma mərasimi keçirilib. Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, idmançılarımız yarışlara səylə hazırlaşıblar və onlardan yüksək nailiyyət gözləyirik.

Xatırladaq ki, bundan öncəki Tokio Olimpiadasında təmsilçilərimiz qızıl medal qazana bilməmiş və Azərbaycan 3 gümüş, 4 bürünc medalla ümumi komanda hesabında 67-ci olmuşdu. Parisdə Azərbaycan komandasının bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.

2021-ci ildə (pandemiya səbəbindən bir il ertələnmişdi) Tokioda sərt karantin şəraitində və əcnəbi azarkeşlər olmadan keçirilən 32-ci Yay Olimpiya Oyunlarından sonra Paris Olimpiadasına böyük maraq var. Oyunların başlamasına hələ iki həftə qalmış rekord sayda – 8,6 milyon bilet satılmışdı. Əvvəlki rekord (8,3 milyon bilet) 1996-cı ildə Atlanta Olimpiadasında (ABŞ) qeydə alınmışdı. Təşkilatçılar ümumilikdə 10 milyon bilet satmaq niyyətindədir.

Paris Olimpiadasının maliyyətinə gəlincə, açıqlanan məlumatlara görə, bu, Fransaya təxminən 8 milyard dollara başa gələcək.

“Paris – 2024”ün Olimpiya kəndi Sen-Deni və Sent-Uen adaları arasındadır. 52 hektar ərazisi olan Olimpiya kəndində 9000 idmançı olmaqla ümumilikdə 14500 nəfər yerləşəcək. Həmçinin 4000 işçi təmizlik və iaşə işləri ilə məşğul olacaq, 1500 könüllü isə nümayəndə heyətlərini müşayiət edəcək.

Oyunlar zamanı təhlükəsizliyin təmin edilməsinə polislə bərabər ordu kontingenti də cəlb edilib. Olimpiya obyektlərindən 30 dəqiqə məsafədə qurulan hərbi düşərgədə təxminən 4500 əsgər olacaq.

Vüqar Orxan