Ölkəmizdə bu sahədə vəziyyət necədir?

 

Son illərdə həyatın bir çox sahələrində olduğu kimi, tarixi-mədəni irs nümunələrinin, o cümlədən abidələrin sənədləşdirilməsində innovativ vasitələrdən geniş istifadə olunur. Məsələn, 3D skan mədəni irsin uzunmüddətli qorunmasına innovativ yanaşmanın bir hissəsinə çevrilib. Abidələrin və artefaktların yüksəkkeyfiyyətli 3D qeydləri bizə ortaq mədəniyyət tariximizi izləməyə, öyrənməyə və təbliğ etməyə imkan verir.

Xəbər verdiyimiz kimi, İstanbuldakı dünyaca məşhur Ayasofya məbədinin elektron surəti yaradılıb. Bu, 15 əsr tarixi olan tikilinin zəlzələdən zərər gördüyü halda belə bərpasına imkan verəcək. Layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi nəzdində Fondlar Baş İdarəsi tərəfindən həyata keçirilib. Mütəxəssislər iki il ərzində binanın, demək olar ki, hər kvadrat santimetrini skan edərək Ayasofyanın “elektron kloun”unu yaradıblar.

Bəs, görəsən, ölkəmizdə əsrlərlə yaşı olan tarix-mədəniyyət abidələri ilə bağlı analoji addım atılıbmı? Bu sualla öncə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət etdik.

Qurumdan bildirildi ki, tarix-mədəniyyət abidələrinin qorunması, tədqiqi, bərpa və konservasiyası, eləcə də təbliği istiqamətində müasir metodların tətbiqi, qabaqcıl dünya təcrübəsinin araşdırılması və praktiki işdə istifadəsi ilə bağlı addımlar atılır. Bu istiqamətdə bir sıra ölkələrlə o cümlədən, Türkiyə və İtaliya ilə əməkdaşlıq əlaqələri genişləndirilir, təcrübə mübadiləsi aparılır. Dövlət Xidməti eyni zamanda UNESCO, Türk Mədəniyyəti və İrsi Fondu, Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), Mədəni İrs üzrə Asiya Alyansı (ACHA) kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Ölkəmizdə də tarix-memarlıq abidələrinin bərpa-konservasiya işləri beynəlxalq standartlara və müasir metodlara əsaslanır. Artıq abidələrin bərpa layihə sənədləri hazırlanarkən lazer skan olunaraq elektron maketləri hazırlanır. Məsələn, Gədəbəy rayonunda Qız qalası, Qaradağ rayonunda Miəcik karvansarası, Ağdamda Şahbulaq qəsri, Maştağada hamam və digər abidələrin elektron surəti çıxarılıb. Gələcəkdə digər abidələrin də elektron surətinin çıxarılması və elektron bazanın yaradılması nəzərdə tutulur.

 

Qız qalası “World Heritage 3D Scanning”də

 

Növbəti müraciət etdiyimiz instansiya İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu oldu. Bununla bağlı bildirildi ki, 2020-ci ildə qoruq idarəsinin “İçərişəhər” Muzey Mərkəzi tərəfindən Qız qalası “World Heritage 3D Scanning” proqramına təqdim olunub. Layihə Almaniyanın “EKМ Global Consulting GmbH” şirkəti və mədəni irs üzrə startaper Səbinə Zülalovanın birgə əməkdaşlığı ilə həyata keçirilib.

Layihə İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 20-ci ildönümünə həsr edilib. Burada tətbiq edilən “World Heritage 3D Scanning” proqramı ilə tarixi abidələrin vizuallaşdırılması və sənədləşdirilməsi həyata keçirilir. Proqram vasitəsilə memarlıq və mədəni irs obyektinin rəqəmsal arxivləşdirilməsi üçün xüsusi sənədlər yaradılır. Hər hansı bir obyekt tam ölçüdə skan edərkən tikili müxtəlif səbəblərdən dağılmaya məruz qalarsa, onun yenidən peşəkar şəkildə qurulması və bərpası zamanı istifadə edilə bilən rəqəmsal mediada saxlanılır. İlk dəfə Qız qalası 3D 360 dərəcə bütün mərtəbələr əks olunmaqla, abidənin yuxarısından şəhərin panoramik mənzərəsi öz veb-saytınıza yerləşdirə biləcəyiniz virtual tur üçün keçid kodu ilə təqdim edilib. Burada məlumatlar Azərbaycan və ingilis dillərində yerləşdirilib. Mədəni irs obyekti haqqında məlumatların düzgünlüyü və peşəkar sənədlərin vacibliyi baxımından 3D skan təqdimat vacib əhəmiyyət kəsb edir. Bu funksiya gələcəkdə abidələrin qorunması və bərpa işlərində mütəxəssislərin işini xeyli asanlaşdıracaq.

Bu layihə eyni zamanda yaşadığı ölkədən asılı olmayaraq, hər kəsin   rəqəmsallaşdırılmış abidəyə virtual ekskursiya etmək imkanı yaradır. Bununla hətta hər çınqıl daşını, bütün mürəkkəb oyma naxışlarını, hər bir eksponatı araşdırmaq mümkündür. Elektronlaşdırma zamanı bütün obyektlərin real ölçüləri və həcmləri qorunub saxlanılır.

Səbinə Zülalova qeyd edir ki, ilk layihədən sonra Qara Qarayevin Ev-Muzeyi, İçərişəhərdəki Bəylər məscidi də 3D skan edilərək elektronlaşdırılıb.

Qeyd edək ki, lazer skanlama artıq dünyada təkcə bərpa və yenidənqurma işlərində deyil, bir çox başqa sahələrdə, məsələn, kommunal xidmətlərin layihələndirilməsində və tikinti-bərpa işlərində istifadə olunur. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində də bu texnologiya tətbiq edilir. Məlumdur ki, erməni işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurdakı əksər tarix-memarlıq abidələrimiz vandalizmə məruz qalıb. Həmin ərazilərdəki tarixi-mədəni irsin rəqəmsal arxivləşdirilməsi onların vəziyyətini mümkün qədər dəqiq qiymətləndirməyə imkan verəcək və bu obyektlərin bərpasına böyük köməklik göstərəcək.

Bir sözlə, 3D texnologiyaları hazırda mədəniyyətə çıxışı genişləndirmək, mədəni irsi qorumaq, yaradıcılıq və innovasiyaya təkan vermək üçün geniş imkanlar təklif edir.

Lalə Azəri