Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli işğaldan azad edilmiş Ağdam şəhəri ətrafında abidələr kompleksini ziyarət edib, Arxeologiya və Antropologiya İnstitutunun Şahbulaq arxeoloji ekspedisiyasının fəaliyyəti ilə tanış olub.

İnstitutun direktoru Fərhad Quliyev və Şahbulaq arxeoloji ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev ərazidə aparılan qazıntı işləri, həmçinin XVII əsrə aid edilən Şahbulaq qalasının və Şah Abbas məscidinin tarixi barədə məlumat veriblər. Qeyd olunub ki, erməni işğalı zamanı ərazidə aparılan qanunsuz qazıntı işləri zamanı maddi mədəniyyət nümunələrinin xeyli hissəsi dağıdılıb, mövcud artefaklar Ermənistana aparılıb. Qarabağ işğaldan azad edildikdən sonra burada Azərbaycan arxeoloqları tərəfindən qazıntı işlərinə başlanılıb, qədim yaşayış yerləri aşkar olunub. Burada Qafqaz Albaniyası dövrünə aid şəhər mədəniyyətinin izləri görünür.

İsa Həbibbəyli tədqiqat işlərinin genişləndirilməsi, Şahbulaq kompleksindən tapılan materiallar haqqında impakt-faktorlu jurnallarda məqalələrin sayının artırılması, monoqrafik araşdırma əsərlərinin yazılması və albomların hazırlanması barədə tövsiyələrini diqqətə çatdırıb.

Qeyd edək ki, arxeoloqlar üzərində AMEA-nın yeni embleminin əks edildiyi xüsusi geyim formaları ilə təchiz olunublar. Həmçinin AMEA tərəfindən hədiyyə edilmiş dronlardan ilk dəfə Şahbulaq abidələr kompleksində istifadə olunub, qazıntı yerlərindən vizual görüntülər əldə edilib. Bundan sonra arxeoloqlar tədqiqat zamanı dron çəkilişlərindən istifadə edəcəklər.

AMEA prezidenti Arxeologiya və Antropologiya İnstitutunun Xocalı şəhərində fəaliyyət göstərən ekspedisiyasının işi ilə də tanış olub.