“Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2431 nömrəli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin 20 iyul 2024-cü il tarixli 349 nömrəli qərarını imzalayıb.

O cümlədən “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında müvafiq dəyişikliklər edilib.

Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na Ağdərə rayonu ilə bağlı hissə əlavə edilib. Siyahıdakı “Memarlıq abidələri” bölməsinin “Kəlbəcər rayonu” hissəsindən 268-280, 1228 və 1229 inventar nömrəli obyektlər çıxarılaraq “Ağdərə rayonu” hissəsinə salınıb.

Siyahıda Ağdərə rayonu üzrə aşağıdakı 13 memarlıq abidəsi yer alıb. Buraya Xanabert qalası (Vəngli kəndi), Müqəddəs Yaqub kilsəsi (635-ci il, Kolatağ kəndi), Alban məbədi (614-cü il, Kolatağ kəndi), Çıldıran kəndində XII və XIII əsrə aid Alban məbədi və Qırmızı məbəd, Yayıçı kəndində VII əsrə aid iki Alban məbədi və s. daxildir.

Ağdərə rayonunda ölkə əhəmiyyətli arxeoloji abidələr isə Dovşanlı nekropolu (Dovşanlı kəndi) və Balıqaya nekropoludur (Sırxavənd kəndi). Hər ikisi Son Tunc – İlk Dəmir dövrünə aiddir.

Müvafiq şəkildə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na da dəyişiklik edilib. Bu siyahıda Ağdərə rayonu üzrə 25 memarlıq abidəsi var. İndiyədək Ağdam, Kəlbəcər və Tərtər rayonları üzrə qeyd edilən həmin abidələr inventar nömrələri ilə siyahıda Ağdərə rayonu hissəsinə salınıb.

Bundan əlavə, Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilib. Siyahıya Ağdərə rayon Mərkəzi Kitabxana Sistemi (və filialları), eləcə də Ağdərə rayonunun mədəniyyət evləri və klubları ilə bağlı hissələr əlavə edilib.