UNESCO-nun Dünya İrs Komitəsinin sessiyasında yeni abidələr qeydə alınacaq

 

Hindistanın Nyu-Dehli şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 46-cı sessiyası keçirilir. Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 21-də işə başlayan sessiyada iştirak edir. Heyətdə Mədəniyyət Nazirliyi ilə yanaşı, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası, ICOMOS-Azərbaycan və “İçərişəhər” Dövlət Tarix-Mədəniyyət Qoruğu İdarəsi təmsil olunur.

Sessiyanın açılış mərasimində Hindistanın Baş naziri Narendra Modi, UNESCO-nun baş direktoru Odre Azule və digər rəsmilər çıxış ediblər.

İyulun 22-də iclasın gündəliyi üzrə katibliyin, məşvərətçi orqanlar olan ICOMOS, IUCN, ICCROM və regional mərkəzlərin hesabatları dinlənilib. Komitənin büdcəsi və mədəni irs üzrə potensialın gücləndirilməsinə dair strategiya müzakirə edilib.

Müzakirələr çərçivəsində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev milli bəyanatla çıxış edib. O, ölkəmizdə mədəni irsə dəstək, Ermənistan işğalı dönəmində düşmən tərəfindən dağıdılmış şəhərlərin və tarixi abidələrin bərpası, eləcə də mədəni irsin iqlim dəyişikliklərinin təsirindən qorunması üçün bu ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində planlaşdırılan tədbirlər haqda məlumat verib.

Səfər çərçivəsində iyulun 22-də nazir müavini Səadət Yusifova Birləşmiş Ərəb Əmirlikləri mədəniyyət nazirinin müavini Mübarək əl-Nakhi ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. BƏƏ-nin nazir müavini bu ilin mayında Şuşada “İslam dünyasının mədəniyyət paytaxtı” ilinin açılışında, “Xarıbülbül” musiqi festivalında iştirak etdiyini və şəhərin tarixi-mədəni zənginliklərinə və təbiətinə heyran olduğunu bildirib.

Görüşdə ötən il Dubayda keçirilən COP28 çərçivəsində başladılan mədəni təşəbbüslərin COP29-da davam etdirilməsi üçün birgə fəaliyyət istiqamətləri ətrafında müzakirə aparılıb.

Həmin gün nazir müavini avstraliyalı həmkarı xanım Reyçel Perri ilə də görüşüb. Görüşdə mədəni irsin qorunması üçün beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq, qabaqcıl təcrübələrin mübadiləsi və təbliği, eləcə də iqlim dəyişikliyinin mədəni irsə təsirlərindən qorunmaq üçün effektiv mexanizmlər ətrafında müzakirə aparılıb. COP29 çərçivəsində ölkəmizdə reallaşacaq mədəni tədbirlər və yeni təşəbbüslər barədə məlumat verilib.

İyulun 24-də Səadət Yusifova sessiya çərçivəsində ICESCO-nun təşkil etdiyi “İslam dünyasının irsi” adlı paralel tədbirin açılışında çıxış edib. O, ölkəmizin mədəni irsi, işğaldan azad olunmuş ərazilərdə dağıdılmış mədəni mirasın bərpası, Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində təşəbbüsləri haqqında məlumat verib. 2024-cü ilin oktyabr ayında “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşada ICESCO-nun İslam İrsi Komitəsinin 12-ci sessiyasının keçiriləcəyi diqqətə çatdırılıb.

Açılış mərasimində UNESCO baş direktorunun müavini, Beynəlxalq Mədəni İrsin Öyrənilməsi və Tədqiqi Mərkəzinin (ICCROM) direktoru, Mədəni İrs üzrə Ərəb Regional Mərkəzinin direktoru və ICESCO-nun İslam İrsi Komitəsinin rəhbəri də çıxış ediblər.

***

46-cı sessiya çərçivəsində ölkəmizin nümayəndə heyəti bir sıra görüşlər də keçirib. UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini, Afrika Dünya İrsi Fondunun icraçı direktoru, eləcə də Vyetnam xarici işlər nazirinin müavini, Belarusun ətraf mühit nazirinin birinci müavini, Avstriya Xarici İşlər Nazirliyinin mədəniyyət üzrə idarəsinin baş katibi, Bəhreyn mədəniyyət nazirinin müavini, Şri-Lanka nümayəndə heyəti, İspaniya nümayəndə heyəti və digər rəsmilərlə görüşlərdə ikitərəfli münasibətlərin gündəliyi müzakirə edilib. Mədəni irsin iqlim dəyişikliklərinin mənfi təsirlərindən qorunması istiqamətində təşəbbüslər, COP29 çərçivəsində mədəniyyət istiqaməti üzrə nəzərdə tutulan tədbirlər və təşəbbüslər barədə məlumat verilib.

***

Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsi 21 üzv-ölkədən ibarətdir. İki ildən bir tərkibin bir hissəsi yenilənir. Azərbaycan 2015–2019-cu illərdə komitənin üzvü olub. 2019-cu ildə (30 iyun – 12 iyul) UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçirilib.

Hər il olduğu kimi, bu sessiyanın da gündəliyində UNESCO-nun Dünya İrs Siyahısına yeni obyektlərin salınması məsələsi var. Siyahı “Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında” 1972-ci il Konvensiyası (1975-ci ildə qüvvəyə minib) əsasında tərtib edilir.

Əvvəlcə (1978-ci ildən) yalnız mədəni irs obyektləri üçün meyarlar var idi. Sonra siyahıda müxtəlif qitələr arasında müəyyən tarazlığı bərpa etmək üçün təbiət obyektlərinin dünya irsi kimi qorunması məsələsi aktuallaşdı və bu kateqoriya üzrə siyahı tərtib edildi. 1994-cü ildə Dünya İrs Komitəsi balanslaşdırılmış və etibarlı Dünya İrs Siyahısı ilə bağlı strategiya qəbul etdi. Məqsəd siyahıda universal dəyərə malik dünyanın mədəni və təbii müxtəlifliyini əks etdirməsini təmin etmək idi. Nəhayət, 2005-ci ildə bütün bu meyarlar bir araya gətirildi və mədəni abidələr, təbiət abidələri və qarışıq (həm mədəni, həm təbii) sayılan irs obyektləri üçün ümumi Dünya İrs Siyahısı formalaşdırıldı.

Komitənin saytında yer alan məlumata görə, hazırda davam edən sessiyayadək, yəni 2023-cü ilin yekunu olaraq Dünya İrs Siyahısında ümumilikdə 168 ölkəni əhatə edən 1199 obyekt var. Onların 933-ü mədəni irs, 227-si təbiət abidəsi, 39-u isə qarışıq kateqoriya üzrə abidələrdir. O cümlədən 48 obyekt transərhəd (iki və daha çox ölkəni əhatə edən) abidəsidir.

Ötən müddətdə siyahıdan çıxarılanlar da olub. Məsələn, 2009-cu ildə Almaniyanın Drezden Elba vadisi mədəni landşaftın mühafizəsi zonasında avtomobil körpüsünün tikintisi ilə əlaqədar siyahıdan çıxarılıb. 2021-ci ildə İngiltərənin Liverpul şəhəri (irsin universal dəyərini daşıyan xüsusiyyətlərin geri dönməz itirilməsi səbəbindən) siyahıdakı yerini itirib.

***

Xatırladaq ki, Azərbaycandan Dünya İrs Siyahısında 5 obyekt var. 2000-ci ildə İçərişəhər (Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə), 2007-ci ildə Qobustan qayaüstü abidələri, 2019-cu ildə Şəki şəhərinin tarixi hissəsi (Xan sarayı ilə birlikdə) bu siyahıya salınıb.

2023-cü ildə UNESCO-nun Dünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində 45-ci sessiyasında Azərbaycanın Hirkan meşələri İranla birgə transsərhəd irs obyekti olaraq Dünya İrs Siyahısına daxil edilib. Hirkan meşələri iki ölkənin müvafiq təqdimatı ilə 2021-ci ildə Dünya İrs Komitəsində baxılmaq üçün qeydə alınmışdı.

Ötən il həmçinin Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiyası UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. “Xınalıq və Köç yolu mədəni landşaftı” Quba rayonunun Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir. Müvafiq sənəd 2021-ci ildə UNESCO-ya təqdim edilmişdi.

Bundan əlavə, ötən sessiyada ölkəmizin Qarabağ bölgəsində, Xocavənd rayonu ərazisindəki qədim insan məskənləri – Azıx və Tağlar mağaraları isə Dünya İrs Komitəsinin İlkin Siyahısına daxil edilib.

***

Dünya İrs Siyahısında (hazırkı sessiyayadək) rekordçu ölkə İtaliyadır (59 obyekt, o cümlədən 53-ü mədəni irs). İkinci yeri Çin Xalq Respublikası (57 obyekt) tutur. İlk beşlikdə Almaniya, Fransa (hər ikisi – 52 obyekt) və İspaniya (50) var.

Növbəti beşliyə Hindistan (42), Meksika (35), Böyük Britaniya (33), Rusiya (31) və İran (27) daxildir. Yaponiya (25), ABŞ (25), Braziliya (23), Kanada (22) və Türkiyə (21) siyahıda 11-15-ci yerləri bölüşdürür. Avstraliya (20), Yunanıstan (19), Çexiya, Portuqaliya və Polşa (hərəsinin 17 obyekti) dördüncü beşlikdədir.

Siyahıda 10 və daha çox obyekti olan digər ölkələr bunlardır: Belçika (16), Cənubi Koreya (16), İsveç (15), İsveçrə, Mərakeş, Peru (hərəyə 13 obyekt), Argentina, Avstriya (hər ikisi 12), Danimarka, Efiopiya (hər ikisi 11); Xorvatiya, Bolqarıstan, İndoneziya və Cənubi Afrika Respublikası (hərəyə 10 obyekt).

Dünya İrs Siyahısında qonşu Ermənistandan 3, Gürcüstandan isə 4 obyekt var.

Ötən il 45-ci sessiyada Dünya İrs Siyahısına 42 yeni obyekt (33-ü mədəni, 9-u təbii irs üzrə) daxil edilmişdi.

Builki sessiyanın da yekunu olaraq siyahı yeni obyektlərlə zənginləşəcək.

Xatırladaq ki, sessiya iyulun 31-dək davam edəcək.