Azərbaycanın və Özbəkistanın Xalq artisti, uzun illər Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru olmuş soydaşımız Firudin Səfərov 26 iyul 2024-cü il tarixində, 91 yaşında Daşkənddə vəfat edib.

Firudin Səttar oğlu Səfərov 1933-cü il avqustun 1-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) zərb alətləri üzrə təhsil alıb. 1953-cü ildən 1964-cü ilədək Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində çalışıb. 1968-ci ildə N.A.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Dövlət Konservatoriyasının Musiqili teatr rejissorluğu fakültəsini bitirib.

1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan F.Səfərov bu səhnədə milli və klassik operalara quruluş verib. Bakıda çalışdığı müddətdə onlarla dövlət səviyyəli tədbirin hazırlanması da ona həvalə olunub.

Rejissor 1977-ci ildə Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrına dəvət alıb. Özbəkistanda yaşadığı 47 il ərzində 60-a yaxın opera tamaşasına, o cümlədən P.İ.Çaykovskinin “Qaratoxmaq qadın”, “İolanta”, Q.Donisettinin “Sevgi şərbəti”, C.Verdinin “Traviata”, “Riqoletto”, “Trubadur”, C.Rossininin “Sevilya bərbəri” və başqa tamaşalara səhnə həyatı verib. Eyni zamanda mədəni-kütləvi tədbirlərin bədii rəhbəri və quruluşçu rejissoru olub.

Özbəkistanda çalışdığı vaxtlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əlaqələrini davam etdirib. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, Vasif Adıgözəlovun “Natəvan” operalarına quruluş verib. Həmçinin Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanda opera tamaşaları hazırlayıb.

F.Səfərov Özbəkistanda peşəkar kadrların yetişdirilməsində mühüm xidmətlər göstərib, Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının Opera hazırlığı fakültəsində bu istiqamətdə səmərəli iş aparıb, 2002-ci ildən konservatoriyanın professoru olub.

70, 80, 85 və 90 illik yubileyləri Daşkənddə yüksək səviyyədə qeyd olunan sənətkar Özbəkistanın “Əmək şöhrəti”, “Görkəmli xidmətlərə görə”, “Fədakar xidmətləri üçün” ordenlərinə, həmçinin Özbəkistanın Dövlət mükafatına (1981) və “Xalq artisti” fəxri adına (1986) layiq görülüb.

1992-ci ildə F.Səfərova Azərbaycanın “Xalq artisti” fəxri adı verilib. O, dünya azərbaycanlılarının Bakıdakı qurultaylarının iştirakçısı olub, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə diaspor quruculuğu sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin.