Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə heykəltaraş və rəssamlardan ibarət yaradıcı qrup üçün Kəlbəcər ərazisinə ilk dəfə infotur təşkil edilib.

Təsviri sənət ustalarına Kəlbəcərin füsunkar təbiəti ilə yerində tanış olmaq imkanı yaradılıb. Onlar təbiət mənzərələrini birbaşa naturadan çəkmək fürsətindən də yararlanıb, kağız və kətan üzərində cizgilər işləyib, foto və videoçəkilişlər aparıblar.

Yaradıcı qrupun üzvləri səfər çərçivəsində Kəlbəcər şəhərini, qədim alban məbədi Xudavəng monastırını ziyarət edib, Sərsəng su anbarının yerləşdiyi ərazidə olublar. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının müvafiq bəndinin icrası çərçivəsində Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qruplar üçün Qarabağa və Şərqi Zəngəzura infoturlar təşkil edir.