Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeliliyində fəaliyyət göstərən Sumqayıt Gənclər Kitabxanasında ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımız daim yad edilir, onların unudulmaması və onların tanıdılması ilə bağlı silsilə tədbirlər keçirilir.

Bu dəfə də kitabxanada iyul ayında anadan olan qəhrəmanlarımızdan I Qarabağ müharibəsi şəhidi Asif Həziyevin 50 və II Qarabağ müharibəsi şəhidi Mehman Yusifovun 45 illik yubileyləri münasibətilə “Torpağı Vətən edənlər” adlı tədbir keçirilib.

Kitabxananın müdiri vəzifəsini icra edən Leyla Mahmudova qəhrəmanların həyat və döyüş yolu haqqında məlumat verib. Qeyd olunub ki, Asif Həziyev I Qarabağ müharibəsi zamanı Füzuli rayonunun müdafiəsi uğrunda şəhid olub. Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Mehman Yusifov isə ömrünün 22 ilini hərbi xidmətdə keçirərək II Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Qarabağ ordeni”, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Sonra tədbir iştirakçılarına “Qarabağ Azərbaycandır!” adlı kitab sərgisi haqqında məlumat verilib.

Tədbirin sonunda Sumqayıt Şəhidlər xiyabanında Asif Həziyevin məzarı ziyarət olunub.