İyulun 29-da Dövlət Turizm Agentliyi (DTA), Milli Kulinariya Mərkəzi və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçirilib.

Tədbirin məqsədi Qərbi Azərbaycanın qədim və zəngin qastronomiya mədəniyyəti nümunələrinin, özünəməxsus təamlarının, bölgəyə məxsus adət-ənənələrin və folklor nümunələrinin bir qismini nümayiş etdirməkdir.

Tədbirdə çıxış edən DTA-nın sədri Fuad Nağıyev qastroturizmin inkişaf etdirilməsinin qurumun fəaliyyət istiqamətləri arasında yer aldığını bildirib. Qeyd edib ki, bu istiqamətdə işlər yalnız qastronomik turların təşkili və ya milli mətbəximizin tanıdılmasını ehtiva etmir, həmçinin regionlarda unudulmuş qədim dadları üzə çıxarmaq, biomüxtəlifliyi qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq qarşıda duran məqsədlərdir. Fuad Nağıyev Dövlət Turizm Agentliyinin bundan sonra da Qərbi Azərbaycana məxsus kulinariya nümunələrinin qorunmasına və təbliğinə hərtərəfli dəstək və töhfə verməyə hazır olduğunu vurğulayıb.

Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Əziz Ələkbərli soydaşlarımızın əsrlər boyu yaşadıqları tarixi torpaqlarında çox zəngin maddi, mədəni və mənəvi irs yaratdıqlarını qeyd edərək, bu irsin araşdırılması, tədqiq edilməsi, öyrənilməsi, qorunması, bərpa edilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyini bildirib. O, Qərbi Azərbaycan İcmasının bilavasitə cavabdeh olan müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin təmsilçiləri, eləcə də ictimaiyyətin tanınmış nümayəndələri iştirak edib.

Tədbir zamanı Qərbi Azərbaycan mətbəxini bilən aşpaz və qənnadıçıların hazırladıqları yeməklər, o cümlədən Basus dolması, Ələyəzli xan plovu, qovurğa, sucuq, əyirdək və digər təamlar təqdim edilib və onların dequstasiyası təşkil olunub. Təqdim olunan yeməklərin tarixçəsi və istifadə olunan xüsusi inqrediyentlər haqqında Azərbaycan və ingilis dillərində məlumat verilib. Qərbi Azərbaycan mədəni irsində yeri olan “Tənzərə", "Qaladan-qalaya", "Ağbaba" yallı nümunələri nümayiş etdirilib.