“OB FILM” və “KİNOBİZ” şirkətləri tərəfindən birgə istehsal olunan “İşığa doğru” sənədli filminin çəkilişləri başa çatıb.

Müşahidə və subyektiv kamera üsullarından istifadə edilməklə ərsəyə gətirilən və iki paralel süjet xətti üzərində qurulan filmdə hadisələr Qarabağda işğaldan azad olunmuş ərazidə cərəyan edir.

Torpaqlar azad olunub, ancaq müharibənin insanların həyatında buraxdığı dərin izlər və yaralar hələ də qalır, ağrılar davam edir. Film Qarabağda 30 il əvvəl itirdiklərini axtaran qəhrəmanların hekayəsindən bəhs edir.

Real hadisələr əsasında çəkilən filmin ssenari müəllifi və rejissoru Elşad Ərşadoğlu, təsvir rejissoru Vasif Vəlizadə, səs rejissoru Hafiz İbrahimli, montaj rejissoru Murad Şükürlü, prodüserləri Ramil Ələkbərov və Orxan Behbiddir. Ərşad Əliyev, Rəsul Kamal və Elşad Ərşadoğlunun iştirak etdiyi filmin hazırda post-prodakşn işləri davam etdirilir.