Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş virtual kitab sərgisini istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, virtual kitab sərgisində Şərqdə ilk demokratik respublikanın qurulmasında danılmaz xidmətləri olan Rəsulzadənin ədəbi yaradıcılıq nümunələri haqqında geniş məlumat verilib.

Sərgidə M.Ə.Rəsulzadənin müəllifi olduğu və haqqında qələmə alınan “Azərbaycan müstəqillik üçün mübarizə yolunda”, “Azərbaycan şairi Nizami”, “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında”, “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”, “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, “Əsrimizin Siyavuşu”, “İran yazıları”, “Son nəfəsədək Azərbaycan”, “Bakı və Azərbaycan tarixinə dair əsərlər”, “Rəsulzadə xatirələri” kimi 30-a yaxın kitabın qısa annotasiyası təqdim olunub. Materialda Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan, hürriyyət və istiqlal haqqında söylədiyi fikirlər, səs yazıları da yer alıb.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/mehemmed-emin-resulzade yerləşdirilib.