Bakı Zooloji Parkında hazırda 125 növ heyvan qorunur və onlardan 22-si “Qırmızı kitab”a düşüb

 

Bakı Zooloji Parkını ziyarət edən dost-tanış oradan zəngin təəssürat aldıqlarını deyir, məndə də maraq yaradırdılar. Doğrudur, park təmir edilməmişdən əvvəl bir neçə dəfə həmin məkanda olmuşdum. Heyvanların saxlanılma şəraiti, ümumiyyətlə, ab-hava ürəkaçan deyildi.

Bu günlərdə yolumu Bakı Zooloji Parkından saldım, təmirdən sonra buradakı vəziyyəti gözlərimlə görmək istədim. Həmin gün səhər-səhər xəfif külək əsir, günorta saatlarında temperaturla bağlı narahatlığımı azaldırdı. Zəif küləyin toxunuşu ilə parkın geniş qapısına çatıram. Təbiətlə, heyvanlarla baş-başa qalmaq üçün ideal havadır. Uzaqdan bəzi canlıların səs-küyü eşidilir. Sanki ziyarətçiləri çağırıb onların qarşısında özlərini göstərmək istəyirlər. Parkın qapısından içəri daxil oluram. Böyük akvariumlar. Burada müxtəlif balıq və ilan növləri ilə doludur. Bir də baxışları ilə hər kəsi aldadan timsahlar...

Budur, nəinki həyatda, ekranda belə qorxu və ehtiyatla izlədiyimiz aslanla üz-üzəyəm. Gözlərinin dərinliyində sanki qürur və azadlıq yuva salıb. Kim bilir, bəlkə elə məni də bir qida olaraq görür...

Ömrünün sonunacan başında qollu-budaqlı “ağac” gəzdirməyə məhkum olmuş marallar. Gözəl, iri gözləri, zərif ayaqları və əmin-arxayın baxışları diqqəti cəlb edir.

Tovuz quşlarının gözəlliyi, parkın ziyarətçilərinə sanki bir rəssamın palitrasından seçilmiş canlı rənglərin istifadə olunduğu möhtəşəm əsərlərdən ibarət rəsm sərgisini xatırladır. Yeridikcə açılan lələkləri, rənglərin mürəkkəb çalarları isə bir özgə aləmdir.

Meymunlarsa, mən deyərdim, parkın əsl şənlik mənbəyidir. Onların oynaq və şıltaq hərəkətləri məkana xüsusi bir canlılıq gətirir, ziyarətçilərin üzünə təbəssüm qondurur.

Parkda bütün yaşdan insanların heyvanlar aləmi ilə tanışlığı üçün yaxşı şərait yaradılıb. Burada uşaqlar təkcə heyvanlarla tanış olmur, həm də ərazidə məhz onlar üçün yaradılmış meydançalarda əylənirlər. Uşaqların şirin gülüşləri, heyvanlarla olan sevinc dolu anları adamın ruhuna bir rahatlıq bəxş edir. Balaca əllərin böyük maraq və sevgiylə bəzi heyvanlara toxunması onlara unudulmaz anlar yaşadır.

Bakı Zooloji Parkında keçirdiyim bu zaman mənə təbiətin nə qədər zəngin və rəngarəng olduğunu bir daha xatırlatdı. Parkdakı hər bir heyvanın gözlərində, hər bir ağacın yarpağında, cəh-cəh vuran hər bir quşun səsində təbiətin nəbzi vurur və həyatın möcüzəsi canlanır...

***

Qeyd edək ki, Bakıda ilk zoopark 1928-ci ildə indiki Xətai rayonundakı Nizami parkının ərazisində yaradılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni heyvanat parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə idi.

İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə park yenidən qurulub. 2021-ci il oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

Parkın ərazisi iki dəfə artırılaraq 4,25 hektara çatdırılıb. Ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi var. Zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium (suda yaşayan amfibiyaları, sürünənləri və digər heyvanları saxlamaq və onların təbii canlılarını imitasiya etmək üçün xüsusi təchiz olunmuş məkan), süni göl, baytarlıq klinikası və s. inşa edilib.

Zooparkın əsas məqsədi ziyarətçilərin canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsidir. Hazırda buradakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.

Zoopark həftənin I-V günləri saat 10:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 9:00-dan 19:00-dək fəaliyyət göstərir. Bir biletin qiyməti məktəblilər, uşaqlar (4-16 yaş), tələbələr, müharibə veteranları, I və II qrup əlillər üçün 2 manat, böyüklər üçün 7, xarici vətəndaşlar üçün 15 manat təşkil edir. Şəhid ailələrinin üzvləri və 3 yaşına qədər uşaqlar isə zooparkı ödənişsiz ziyarət edə bilərlər.

Nurəddin