1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Əlamətdar gün Prezident Heydər Əliyevin fərmanı ilə 2001-ci ildə təsis edilib.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edilsə də, onun faktiki icrası illərlə uzanmışdı.
18 iyun 2001-ci ildə Prezident Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən ölkədə Azərbaycan dilində olan çap məhsulları, eləcə də respublikanın idarə-müəssisələrində rəsmi yazışmalar bütünlüklə latın qrafikalı Azərbaycan əlifbasına keçdi.
On ilə yaxın davam edən proses başa çatdı. Bununla Azərbaycan əlifbasının 62 illik “Kiril dövrü” tarixə qovuşdu.
Bu, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə idi.
Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan edildi.
Ana dilimizin və əlifbamızın bayramı bu dildə danışan, düşünən, yaşayan hər birimiz üçün hər gün, hər an bizimlə olan bayramdır.