Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından görkəmli tarixçi-epiqrafist alim, tarix elmləri doktoru, professor Məşədixanım Nemətin biblioqrafik göstəricisi nəşr edilib.

MEK-dən bildirilib ki, vəsait alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, 1954-2013-cü illərdəki elmi əsərlərinin biblioqrafiyasını, həmçinin alim haqqında yazılmış mənbələri əhatə edir.

Görkəmli alim Məşədixanım Nemətin anadan olmasının 100 illiyi münasibətilə tərtib edilən göstəricinin elmi redaktoru tarix elmləri doktoru Vəfa Quliyeva, redaktoru MEK-in Biblioqrafik nəşrlər şöbəsinin müdiri Nərgiz Novruzova, tərtibçisi şöbənin əməkdaşı Türkan Vahidovadır.

Məşədixanım Nemətin 60 illik elmi fəaliyyəti dövründə 12-dən artıq monoqrafiyası, 200 elmi məqaləsi, 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu” nəşr olunub.

Biblioqrafik göstərici tarixçilər, epiqrafika üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.