İyulun 31-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və “Atelier Erich Pummer” şirkəti arasında “Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı” haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumu “İçərişəhər” DTMQİ-nin rəhbəri Şahin Seyidzadə, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova və “Atelier Erich Pummer” şirkətinin rəhbəri, bərpaçı-memar Erix Pummer imzalayıblar.
Sözügedən proqramın məqsədi gənc bərpaçıların akademik, praktiki bilik və səriştələrinin artırılması, onlara beynəlxalq təcrübənin aşılanması məqsədilə tərəfdaşların səylərini birləşdirməkdir.
Memoranduma əsasən “Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı”nın iştirakçıları üçün İçərişəhərdə nəzəri və praktiki məşğələlərin tədrisi moduluna başlanılacaq. Tədris modulunda AzMİU-nun “Memarlıq abidələrinin bərpası və mühafizəsi” ikili diplom magistr dərəcəsi üzrə təhsil alan tələbələrlə yanaşı, “İçərişəhər” DTMQİ nəzdində “Tarixi Abidələrin Bərpası Məktəbi”nin (Mak’TAB) dinləyiciləri də iştirak edə biləcəklər.