İstanbulda keçirilən nazirlər toplantısında layihə ilə bağlı xüsusi qrupun təşkili qərara alınıb

Xəbər verdiyimiz kimi, aprelin 11-də Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) turizm nazirlərinin 1-ci toplantısı keçirilib. Görüşdə ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Üzv ölkələrin (Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan) yüksək vəzifəli şəxsləri və turizm sahəsində çalışan dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin məqsədi türkdilli ölkələrdə turizmin inkişaf perspektivləri, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, turizm mübadiləsinin genişləndirilməsi, üzv ölkələrdə keçirilən milli və beynəlxalq tədbirlərdə birgə iştirak və s. məsələlərin müzakirə edilməsi idi.
Təşkilatın baş katibi Xəlil Akıncı, Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirləri Əbülfəs Qarayev və Ömər Çelik, Qazaxıstanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi Turizm Sənayesi Komitəsinin sədri Marat İqalıyev, Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Maksat Çakıyev toplantıda çıxış edərək bu istiqamətdə əməkdaşlığın vəziyyəti və gələcək perspektivlərindən, təşkilat çərçivəsində fəaliyyətin gücləndirilməsinin əhəmiyyətindən danışıblar.
Görüş zamanı həmçinin aprelin 10-da keçirilən Türk Şurası turizm üzrə işçi qrupunun iclasında razılaşdırılmış fəaliyyət istiqamətləri müzakirə olunub. Bu istiqamətlər arasında "Türk Şurası - müasir İpək Yolu" layihəsinin xüsusi əhəmiyyəti vurğulanıb və müvafiq fəaliyyəti həyata keçirmək üçün təşkilat çərçivəsində xüsusi qrupun yaradılmasına qərar verilib. Qrup "Türk Şurası - müasir İpək Yolu" ortaq turizm marşrutunun müəyyən edilməsi üçün 2015-ci ildə üzv ölkələrə səfərlər edəcək.
Nazir Əbülfəs Qarayevin təklifi ilə türkdilli dövlətlərin turizm nazirlərinin 2015-ci ildə 2-ci toplantısının Azərbaycanda keçirilməsi qərara alınıb. İclasın sonunda üzv ölkələr arasında turizm sahəsində “Birgə əməkdaşlıq protokolu” imzalanıb.
Nazirlər toplantısının qərarları və əməkdaşlıq protokolu bu ilin iyununda Türkiyədə keçirilməsi nəzərdə tutulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 4-cü zirvə görüşünə təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar