“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun sərhədləri və mühafizə zonası təsdiqlənib.
Baş nazir Əli Əsədov bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2024-cü il tarixli 357 nömrəli Qərarını imzalayıb.
Qoruğun sərhədi daxilində sahə 33,78 hektar, qoruğun mühafizə zonasında qalan sahə isə 78,59 hektar təşkil edir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il iyunun 16-da “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.
Sərəncamla Azərbaycan Respublikasının Xocavənd rayonu Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilib.
Nazirlər Kabinetinə qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etmək, qoruq ərazisinin xüsusi rejimini müəyyən etmək, qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Dövlət Turizm Agentliyi qoruğun idarə olunmasını təmin etməlidir.
2023-cü ilin sentyabrında Nazirlər Kabinetinin müvafiq qərarı ilə Tuğ kəndi ərazisində və kənd yaxınlığında yerləşən ölkə əhəmiyyətli memarlıq abidələri – Alban məbədi (1197-ci il) və Qırmızı məbəd (1000-ci il), həmçinin yerli əhəmiyyətli memarlıq abidələri – XIII və XVIII əsrlərə aid iki məbəd və XVIII əsrə aid körpü “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun tərkibinə daxil edilib.