İyulun 30-da Bakı şəhərinin Qaradağ rayonundan növbəti köç karvanı Şuşaya yola salınıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, şəhərə köçürülən 21 ailəyə (cəmi 79 nəfər) mənzillərin açarları təqdim edilib.
Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 147 ailə (570 nəfər) mənzillə təmin edilib.
İyulun 31-də isə Bakının Qaradağ rayonundan Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.
Məcburi köçkünlük dövründə yataqxana, sanatoriya, pioner düşərgəsi və inzibati binalarda məskunlaşmış laçınlı ailələrdən daha 18-i (60 nəfər) doğma yurda qovuşub. Laçın şəhərində onlara evlərinin açarları təqdim edilib.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 552 ailənin (2031 nəfər) daimi məskunlaşması təmin edilib.