Bakı Turizm Peşə Məktəbinin Təhsil-Təlim Mərkəzi tərəfindən təşkil edilən kursların dinləyicilərinə sertifikatlar təqdim edilib. Kurslar Mədəniyyət və Turizm Nazirliyi və BMT İnkişaf Proqramının (BMTİP) «Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi» layihəsi çərçivəsində təşkil olunub.

Tədbirdə çıxış edən layihənin koordinatoru Səbinə Babayeva bildirib ki, kurslar Türkiyə və Ukraynadan dəvət edilmiş mütəxəssislər, habelə yerli ekspertlər tərəfindən aparılıb. 2013-cü ildə başlanan layihə 2 il müddət üçün nəzərdə tutulub: “Əsas məqsədimiz turizm sektoru üçün peşəkar kadrların hazırlanması, Bakı Turizm Peşə Məktəbinin potensialının gücləndirilməsi və məktəb məzunlarının xidmət sahəsində peşəkarlığının artırılmasıdır. 2013-cü ilin noyabr ayından bu ilin fevralına qədər layihə üzrə Bakı Turizm Peşə Məktəbinin tələbələri üçün turist agenti, ofisiant-barmen, mehmanxana qeydiyyatçısı və aşpaz ixtisasları üzrə təlim-tədris kursları keçirilib. Kurslarda səyahət agentlərinə iş prinsipləri, turların təşkili proqramları tədris olunub, peşəkar aşpazlar tərəfindən Avropa və Azərbaycan mətbəxinə aid yeməklərin və salatların hazırlanması, ofisiant-barmenlərə müştəriyə yüksək səviyyəli xidmət göstərmək, stolun hazırlanması, qabların düzülməsi və s. qaydalar öyrədilib. Mərkəzdə peşə təlimlərindən başqa ingilis dili, konfliktologiya, etika, estetika, psixologiya və s. fənlər də tədris olunur”.
Səbinə Babayevanın sözlərinə görə, kurslarda 123 nəfər iştirak etsə də, imtahandan 62 nəfər keçib: «Hotellərdən müraciətlər alırıq. Çalışacağıq ki, kursları bitirənlərin hamısı işlə təmin olunsun. Bundan əlavə, yüksək nəticə göstərən dinləyicilərimizin bir qrupunun iki həftə müddətində Türkiyə hotellərində təcrübə keçməsini təşkil edəcəyik. Əslində bunu Ukrayna üçün də nəzərdə tutmuşduq. Amma hələlik oradakı siyasi durumla bağlı bu planımızı təxirə salmışıq».
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, 2015-ci ildə Azərbaycanda Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar peşə təhsilli mütəxəssislərə çox böyük ehtiyac var: «Gələn qonaqlara mehmanxanalarda yüksək səviyyəli xidmət göstərilməlidir. Bunları isə siz etməlisiniz. Bu baxımdan belə kurslarda iştirak etməyin mühüm praktiki əhəmiyyəti var”.
“Millennium Tourism” şirkətinin direktoru Ruslan Quliyev öz istəyi ilə mərkəzdə müəllim kimi çalışdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda turizm sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması üçün bu sektorda çalışan hər kəs əlindən gələni etməyə borcludur.
Mərkəzdə qeyd-qəbul ixtisası üzrə dərs keçən Seyran Qurbanov isə «Xəzri» istirahət və sağlamlıq mərkəzində baş qeydiyyatçı işləyir. O, qrupunda 20 nəfər olduğunu və uşaqların bu ixtisasa böyük həvəs göstərdiyini bildirib: «Təbii ki, onların hamısının diqqətini bu peşəyə yönəltmək mümkün deyildi. Amma elələri də vardı ki, dərslərdə işin bütün detallarına qədər maraqlanırdılar. Onlara qonaqlarla necə davranmaq lazım olduğunu, müştəriləri maraqlandıran suallara səbirlə cavab vermək və s. kimi məsələləri başa salırdım».
Dinləyicilərdən bir neçə nəfər çıxış edərək təşkilatçılara təşəkkürlərini bildirib və bu kursların onların gələcək fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını deyiblər.
Sonra kursları bitirənlərə Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən təsdiqlənmiş sertifikat təqdim olunub.

Mehmanxana və restoran əməkdaşları üçün treninq-kurslar keçiriləcək

Layihənin koordinatoru Səbinə Babayeva qəzetimizə açıqlamasında bildirdi ki, aprelin 21-dən 27-dək Bakı Turizm Peşə Məktəbinin Təhsil-Təlim Mərkəzində mehmanxana və restoran əməkdaşları üçün treninq-kurslar başlayacaq. Onun sözlərinə görə, treninqləri Ukraynadan dəvət edilən hotel-restoran biznesi sahəsində peşəkar mütəxəssis Yekaterina Şaşkova aparacaq: “O, ofisiantlıqdan hotel idarəçiliyinə qədər uzun bir yol keçib, bu sahədə bilmədiyi məqam yoxdur. Biz çalışırıq ki, kurslarımız həmişə belə mütəxəssislər tərəfindən aparılsın. Qarşıdakı aylarda Azərbaycan Turizm İnstitutunun və Bakı Turizm Peşə Məktəbinin müəllim heyəti üçün də ixtisasartırma kursları təşkil etməyi nəzərdə tuturuq. Bir məqamı da diqqətə çatdırım ki, kurslar ödənişsizdir. Məqsədimiz turizm sənayesi üçün peşəkar kadr hazırlamaqdır”.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar