Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tehrana işgüzar səfəri çərçivəsində iyulun 31-də ölkəmizin İran İslam Respublikasındakı Səfirliyində olub. Səfirlik bu yaxınlarda Tehran şəhərində yeni ünvanda fəaliyyətini bərpa edib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən xəbərə görə, Əli Əsədov səfirliyin binası ilə tanış olub, diplomatik heyətlə söhbət edib.

Xatırladaq ki, Əli Əsədov iyulun 30-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.

Baş nazir iyulun 31-də Prezident Məsud Pezeşkian ilə də görüşüb. Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini Məsud Pezeşkiana çatdırıb.

Baş nazir cari ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.

Görüşdə Azərbaycan ilə İran arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.