Türkiyə və Ermənistan diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq dair barədə razılığa gəlib.

Bu barədə Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrin 5-ci görüşünün nəticələrinə mətbuat üçün açıqlamada bildirilir.

Normallaşma prosesi üzrə xüsusi nümayəndələr – Türkiyə tərəfdən səfir Serdar Kılıç və Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan arasında görüş iyulun 30-da iki ölkənin sərhədində, Alican-Marqara sərhəd-keçid məntəqəsində baş tutub.

Tərəflər həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə razılıq əldə ediblər.

Xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

“Azərbaycanla Ermənistan arasında görüşlər davam edir, münasibətlərin normallaşacağı təqdirdə bizim də ssenarimizi hazırlamağımız lazım olacaq” – bunu isə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, hazırda münasibətlərin normallaşması istiqamətində fəaliyyətlər davam edir: “Yekunda pozitiv ssenarini həyata keçirə bilərik, yəni Ermənsitanla sərhədi aça bilərik”.