Xəbər verdiyimiz kimi, 21–31 iyul tarixlərində Hindistanın Nyu-Dehli şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 46-cı sessiyası keçirilib. Sessiyaya Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. Səadət Yusifova sessiya çərçivəsində ICESCO-nun təşkil etdiyi “İslam dünyasının irsi” adlı tədbirdə çıxış edib.
Ənənəvi olaraq sessiyada UNESCO-nun Dünya İrs Siyahısına yeni obyektlərin salınması ilə bağlı nominasiyalara da baxılıb. Siyahı “Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında” 1972-ci il Konvensiyası (1975-ci ildə qüvvəyə minib) əsasında 1978-ci ildən tərtib edilir.
46-cı sessiyayadək Dünya İrs Siyahısında ümumilikdə 168 ölkəni əhatə edən 1199 obyekt (o cümlədən 933-ü mədəni irs, 227-si təbiət abidəsi, 39-u isə qarışıq kateqoriya üzrə abidələr) vardı. Bu sessiyada siyahıya daha 24 irs obyekti əlavə edilib.
Dünya İrs Komitəsinin saytında yer alan siyahıda hazırda 1223 obyekt var: 952 mədəni irs, 231 təbii irs, 40 qarışıq irs. O cümlədən 49 obyekt transsərhəd (iki və daha çox ölkəni əhatə edən) abidəsidir.
Siyahıya yeni daxil edilənlər arasında Rusiyanın Arxangelsk vilayətindəki Kenozero gölünün mədəni mənzərəsi (Kenozero Milli Parkı) və İranın şimal-qərbində (Həmədan yaxınlığında) təxminən 3 minillik tarixi (Midiya sivilizasiyasından bu yana) olan Hegmataneh şəhərinin arxeoloji qalıqları da var. Dünya İrs Siyahısında ilk sıranı tutan İtaliya daha 1 obyektinin (cəmi 60), Çin isə 2 obyektinin (cəmi 59) siyahıya salınmasına nail olub.
Xatırladaq ki, Azərbaycandan Dünya İrs Siyahısında 5 obyekt var. 2000-ci ildə İçərişəhər (Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə), 2007-ci ildə Qobustan qayaüstü abidələri, 2019-cu ildə Şəki şəhərinin tarixi hissəsi (Xan sarayı ilə birlikdə), 2023-cü ildə “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiyası və İranla birgə (transsərhəd) təbii irs obyekti kimi təqdim olunan Hirkan meşələri siyahıya daxil edilib.