Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2021-ci ildə əsası qoyulan və bu il 16 şəhəri əhatə edən Mədəniyyət Yolu Festivalının yeddinci dayanacağı Nevşehir oldu.
Festivalın açılış mərasimi avqustun 3-də Nevşehirin Ürgüp rayonunda (ilçə), Kapadokya Universitetinin kampusunda keçirilib.
Mərasimə Nevşehir valisi Əli Fidan, mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı və digər rəsmilər qatılıblar.
Əvvəlcə “Eskizlərdən pikselə” rəqəmsal sərgisinə və Naci El-Əlinin “Hanzala” karikatura sərgisinə baxış olub. Animatorlar şou təqdim ediblər.
Nazir müavini Gökhan Yazgı bu il dördüncüsü keçirilən Mədəniyyət Yolu Festivalının Türkiyənin tanıdılması baxımından dəyərli olduğunu vurğulayaraq deyib: "Nevşehirdə 40 məkanda 500-ə yaxın tədbirdə 1000-ə yaxın sənətçi ilə qastronomiyadan konsertlərə qədər mədəniyyət və incəsənətin bir çox sahəsində qonaqlarımızın əylənəcəyi bir proqram hazırladıq. Turizmdə böyük hədəflərimiz var. 2024-cü ilin sonuna qədər 60 milyon turist hədəfimizə çatmaq üçün çalışırıq. Bu festival da bizim üçün çox önəmlidir”.
Nevşehirin Mədəniyyət Yolu Festivalını ikinci dəfə qəbul etdiyini diqqətə çatdıran vali Əli Fidan "Şəhərimizin tanıdılması baxımından festivalın böyük dəyəri var. Festival günlərində bir çox sənətçini şəhərimizdə qonaq edərkən Kapadokya'nın bənzərsiz gözəlliklərini də onlara göstərəcəyik”, – deyib.
Nevşehirdə avqustun 11-dək davam edəcək festival çərçivəsində konsertlər, sərgilər, teatr tamaşaları, sənətçilərin iştirakı ilə seminar və görüşlər, qastronomiya təcrübələri və hər yaşa uyğun bir çox tədbir təşkil olunacaq.
8–11 tarixlərində 17 ölkədən fiqurlu isti hava şarları bölgənin səmasında nümunəvi uçuşlar keçirəcək.
Qeyd edək ki, aprel ayında Adanada başlayan Mədəniyyət Yolu Festivalı Şanlıurfa, Bursa, Samsun, Tranzon və Vanda davam edib. Nevşehirdən sonra festivalın növbəti dayanacağı 17–25 avqustda Ərzurum olacaq. Çanaqqala, Qaziantep, Ankara, Konya, İstanbul, Diyarbəkir və İzmirdən də keçəcək Mədəniyyət Yolu noyabrda Antalyada başa çatacaq.
Vüqar Orxan