Azərbaycanın dünyaca məşhur dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, C.Hehru adına Beynəlxalq mükafatın laureatı Niyazinin (1912–1984) vəfatının 40-cı ildönümü münasibətilə avqustun 2-də sənətkarın mənzil-muzeyində tədbir keçirildi.

“Maestro Niyazi – 40 il xatirələrdə” adlı tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova açdı. Bildirdi ki, illər keçsə, zaman dəyişsə də, Niyazi ürəklərdə yaşayır və gələcəkdə də yaşayacaqdır. Görkəmli sovet bəstəkarı Dmitri Şostakoviç sənətkar haqqında deyib: “Niyazi öz çubuğu ilə orkestrdəki bütün alətləri eyni anda çalırdı”. Qara Qarayev isə maestro ilə yaradıcı əməkdaşlığını belə ifadə etmişdi: “Mən əsərlərimin Niyazinin dirijorluğu ilə ifasından çox məmnun oluram və başqa bir dirijor arzulamıram...”.

Muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək Niyazinin Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsi və təbliğindəki xidmətlərindən danışdı. Bildirdi ki, əgər bu görkəmli sənətkar olmasaydı, Azərbaycan musiqisində bir boşluq yaranardı. Çünki o, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk dirijoru olub. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır.

Şöbə müdiri onu da qeyd etdi ki, 70-ci illərində moskvalı xanım-jurnalist SSRİ dirijorlarının reytinq “tədqiqat”ını aparmaq məqsədilə müttəfiq respublikalarda olur. Bakıya da gəlir və Niyazi ilə müsahibə zamanı: “– Maestro, haçansa İttifaq üzrə neçənci yerdə olmanız haqda da fikirləşmisizmi”, – sualının qarşılığında laqeyd bir təbəssümlə üzləşir. Fikrini davam etdirərək deyir: “Məsələ bundadır ki, respublikaların hamısında musiqi ictimaiyyəti nümayəndələri 1-ci yerdə özlərininkini, 2-ci yerdə isə yalnız və yalnız Sizi görürlər. Deməli, “inciməyin”, maestro, Siz bütün Sovet İttifaqı üzrə birincisiniz!..”.

Tədbirdə daha sonra muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva, Əməkdar mədəniyyət işçisi Əlisəftər Hüseynov, Fransada yaşayan azərbaycanlı pianoçu, bu ölkədəki Beynəlxalq Musiqi Akademiyasının direktoru Əməkdar artist Adilə Əliyeva, Milli Konservatoriyanın “Milli alətlərin bərpası və təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Fəzilə Nəbiyeva, Niyazinin qohumu Sahib Qədimov maestronun Azərbaycan musiqi mədəniyyətinin inkişafı yolundakı əvəzsiz xidmətlərdən danışdılar.

Niyazi haqqında görkəmli musiqi xadimlərinin xatirələrinin audio və video yazıları təqdim edildi.

Çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olundu.

Tədbirin bədii hissəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin artistləri Toğrul Abdullayev (skripka), Aydan Rüstəmzadə (violonçel), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ülkər Məmmədova (fortepiano), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Güllübəyim Məmmədova (vokal), magistrant Ülkər Məmmədova (fortepiano) və musiqişünas, vokalçı Sevinc İbrahimovanın ifalarında Niyazinin xatirəsinə həsr olunmuş musiqi proqramı təqdim edildi. Maestronun idarə etdiyi konsertlərdən videokadrlar nümayiş olundu. 

Savalan Fərəcov