Bazar və marketinq araşdırma xidmətləri göstərən «Ask People» şirkətinin təqdimatı
Aprelin 15-də «Fairmont Baku» hotelində Azərbaycanda bazar və marketinq araşdırma xidmətləri göstərən «Ask People» şirkətinin təqdimatı keçirildi. Biznes nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdikləri mərasimdə şirkətin icraçı direktoru İlkin Rüstəmov fəaliyyət sahələrindən, Azərbaycan bazarı üçün təqdim olunan biznes araşdırmaları xidmətlərindən danışdı.
Onun sözlərinə görə, «Ask People» şirkəti ölkənin bir sıra iqtisadi və biznes-maliyyə qurumları ilə tərəfdaşlıq memorandumları sayəsində öz balansında geniş araşdırmalar üçün elmi potensialı cəmləşdirir: «Bu bizə imkan verir ki, eyni anda bir neçə böyük layihəni işləyək. «Ask People» müştərilərinin və onların brendlərinin uğuru üçün tələbata uyğun, etibarlı bazar araşdırmaları təqdim edir. Şirkətin dəqiq yerinə yetirilən bütün araşdırma layihələri biznes və bazar tədqiqatı elminin ən son nailiyyətlərinə və qabaqcıl texnoloji proqram tətbiqinə əsaslanır. Müxtəlif sənaye sahələrini əhatə edən araşdırma fəaliyyətlərinin yekun hesabat sənədləri müştərilərin ən həssas gözləntilərini diqqətdə saxlayır”.
İlkin Rüstəmov şirkətin iki aydır fəaliyyət göstərdiyini, cəlb edilmiş elmi heyətin biznes araşdırmaları sahəsində çox səriştəli və təcrübəli olduğunu diqqətə çatdırdı: «Bazarın həcmi, son trendlər, yeni məhsul barədə müştərilərin rəyləri və s. barədə araşdırmalar aparırıq, nəticələri sifarişçi şirkətə təqdim edirik. Korporativ şirkət ənənəsinə uyğun olaraq müştərilərimiz üçün yox, müştərilərimizlə birgə çalışmağı üstün tuturuq. Bəzən olur ki, böyük bir marketlər şəbəkəsi milyonlarla sərmayə qoyur, amma gözlədiyi nəticəni əldə edə bilmir. Əgər həmin şirkət bizimlə əməkdaşlıq etsə, əvvəlcədən hər şeyi öyrənə bilər və nəticə də uğurlu olar”.
İcraçı direktor onu da qeyd etdi ki, «Ask People» əməkdaşlarının əksəriyyəti Azərbaycan Turizm İnstitutunun məzun və müəllimləridir.
Qeyd edək ki, şirkətin fəaliyyəti və araşdırma xidmətləri barədə www.askpeople.az saytından Azərbaycan və ingilis dillərində lazımi məlumat almaq mümkündür. Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov bildirdi ki, ölkəmizdə günü-gündən genişlənən biznes fəaliyyəti fonunda «Ask People» kimi araşdırma şirkətlərinin yaranması təqdirəlayiqdir: «Ask People» kimi şirkətlər konkret bir sahə üzrə olan beyin mərkəzidir. Turizm İnstitutunun məzunlarının belə bir şirkətdə olması məni çox sevindirir. Bizim məzunlarımız Azərbaycanı daha yüksək mərhələlərə gətirən gücün aparıcı qüvvələri olacaqlar. Şirkətə fəaliyyətində uğurlar arzulayıram».
«Ask People» şirkəti idarə heyətinin fəxri üzvü Lütfül Kəbir xeyli müddətdir Azərbaycanda biznes idarəçiliyi sahəsində çalışdığını dedi. O, yeni fəaliyyətə başlamasına baxmayaraq, «Ask People» şirkətinin Azərbaycanın biznes və sahibkarlıq mühitinə töhfələr verdiyini söylədi.
Digər çıxış edənlər də «Ask People» LLC-nin fəaliyyətini yüksək qiymətləndirdilər. «Ask People» şirkətinin təqdim etdiyi xidmətlər haqqında məlumatlar qonaqlar tərəfindən maraqla qarşılandı.
Fəxriyyə Abdullayeva