Avqustun 9-da M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndələrindən yazıçı, şair və jurnalist Təranə Arifqızının “Payızın Zəfər rəngi” kitabının təqdimatı keçirilib.
Kitabxananın direktoru Tamella Əsgərova tədbiri açaraq bildirib ki, Təranə Arifqızı şair kimi tanınsa da, onun hekayələri, esseləri, publisistik məqalələri də maraqla oxunur. Yaradıcılığı haqqında ədəbiyyatşünas alimlər dəyərli fikirlər söyləyiblər. Təranə Arifqızı Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, həm də Heyran xanım adına "Zərif qadınlar" ədəbi məclisinin təsisçisi və sədridir.
Sonra şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli “Sözə sığal çəkən qadın ürəyi”, filologiya elmləri doktoru, professor Sədaqət Həsənova “Təranə Arifqızının yaradıcılığında dil-üslub xüsusiyyətləri”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Təranə Arifqızının nəsr yaradıcılığı” mövzusunda məruzələrlə çıxış ediblər.
Bildirilib ki, “Payızın Zəfər rəngi” T.Arifqızının yeddinci kitabıdır. Kitabda müəllifin təbiət, Vətən, məhəbbət mövzulu şeirləri toplanıb. Müəllif kitabın adını təsadüfən belə adlandırmayıb. Burada illərlə yola saldığımız ənənəvi payızlardan fərqli olaraq millətimizə, Vətənimizə Zəfər sevinci gətirən bir payız rəngi vəsf edilir.