Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində növbəti konfrans keçirilib.
Mətbuat Şurasından bildirilib ki, Mətbuat Şurasının sədri Rəşad Məcid icra olunan layihənin mahiyyəti barədə məlumat verib. Vurğulayıb ki, Azərbaycan mediasının dinamik inkişafı onun mənzərəsini sürətlə dəyişir. “Azərbaycan media landşaftı üzrə məlumat bazası” həm mövcud durum, həm də yeniliklər barədə aydın təsəvvür formalaşdırır.
Rəşad Məcid qeyd edib ki, məlumat bazasında ölkəmizdə informasiya dövriyyəsini tənzimləyən qanunların mətni və internet keçid linkləri, etik standartları müəyyən edən milli və beynəlxalq sənədlərin mətni və keçid linkləri, fəaliyyətdə olan media subyektlərinin adları və keçid linkləri, həmçinin media məkanında gender balansının durumu barədə statistik göstəricilər və sair bu kimi məlumatlar toplanılır.
Mətbuat Şurasının Katibliyinin əməkdaşı İlqar Tağıyev toplantı iştirakçılarını qurumun “Presscouncil.az” saytında yaradılmış “Azərbaycanın media landşaftı” kateqoriyasında həyata keçirilmiş son yeniliklər haqqında məlumatlandırıb.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli layihə çərçivəsində aparılan tədqiqatlar barədə danışıb. O, məlumat bazasında yerləşdirilən bir çox mövzuların Azərbaycanda ilk dəfə tədqiqata cəlb edildiyini diqqətə çatdırıb.
Mətbuat Şurasının təmsilçilərinin çıxışları bitdikdən sonra müzakirələr başlayıb.
Konfrans iştirakçıları mövzu ilə bağlı fikirlərini çatdırıblar. Çıxışçılar tərəfindən səsləndirilən təkliflər qeydə alınıb.
Daha sonra toplantı iştirakçılarının sualları cavablandırılıb.