Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış bəstəkar Rəhilə Həsənova avqustun 10-da, 73 yaşında, ABŞ-nin Baltimor şəhərində vəfat edib.
Rəhilə Teymur qızı Həsənova 1951-ci il noyabrın 10-da Bakıda anadan olub. Bəstəkarlıq üzrə Xəyyam Mirzəzadə, Qara Qarayev kimi görkəmli bəstəkarlardan dərs alıb. Akademik musiqiyə yeni mövzu və obrazlar gətirmiş bəstəkarın “Yurd”, “Qavaldaş”, “Xəzri-Gilavar”, “Yallıvarı”, simfonik orkestr üçün “Eos-Helios”, “Perfect Equilibrium” piano kvinteti, “Solar Winds” ağac nəfəs alətləri kvarteti, “Penetrations” kimi əsərləri musiqi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
Pedaqoji və elmi fəaliyyətlə də məşğul olan bəstəkar bir sıra elmi məqalələrin, dərs vəsaitlərinin (o cümlədən “Solfecio” müəllif dərsliyi) müəllifidir. 2005-ci ildə “Musiqi nəzəriyyəsi fənlərarası tədqiqat obyekti kimi” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Bəstəkarın əsərləri bir sıra ölkələrdə uğurla səsləndirilib, beynəlxalq festivalların proqramına daxil edilib. ABŞ, Böyük Britaniya, Almaniya və Polşada müəllif konsertləri gerçəkləşib. 2004-cü ildə Almaniyada “Derwisch” adlı kompakt-diski işıq üzü görüb. R.Həsənova İtaliyada “Donne in Musica” fondunun festivallarında (1998–2000) Azərbaycanı təmsil edib. 1993, 2003-cü illərdə Bakıda bəstəkarın “Merac gecəsi” adlı müəllif konsertləri keçirilib.
Rəhilə Həsənova ömrünün son illərində ölkəmizdən kənarda yaşasa da, Azərbaycan mədəniyyəti ilə sıx bağlı idi.
Allah rəhmət eləsin.