Mükafatlar sentyabrda Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında veriləcək

 

Xəbər verildiyi kimi, Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşkilatçılığı ilə XXI Beynəlxalq “Kitab sənəti” Müsabiqəsi keçirilib.

Ənənəvi müsabiqə bu il 7-8 avqust tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində təşkil olunub. Müsabiqədə Azərbaycan da müxtəlif nominasiyalar üzrə çap məhsulları ilə təmsil olunub.

Ümumilikdə 6 ölkədən fərqli nominasiyalarda 64 adda kitab təqdim edilib. Açıq səsvermə yolu ilə hər nominasiya üzrə nəşrlərin seçimi aparılıb. Nəşrlər haqqında iştirakçı ölkələrin nümayəndələrinə ətraflı məlumat verilib.

Budəfəki müsabiqəyə Azərbaycandan 9 adda kitab təqdim olunub. Ölkəmizin nəşrləri 4 nominasiya üzrə I, 2 nominasiya üzrə II, 3 nominasiya üzrə III yerlərə  layiq görülüb.

“Kitab sənəti” müsabiqəsinin mükafatlarının təqdimatı sentyabr ayında keçiriləcək ənənəvi Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında olacaq.

Qeyd edək ki, MDB İcraiyyə Komitəsinin təşkilatçılığı ilə “Kitab sənəti” müsabiqəsi 2004-cü ildən keçirilir.

Azərbaycan bu müsabiqədə fəal iştirak. Ötən illərdə kitablarımız müxtəlif nominasiyalarda qalib olub, həmçinin müsabiqənin baş mükafatını (Qran pri) qazanıb.

2023-cü ildə müsabiqəyə 6 ölkədən 68 kitab təqdim edilmişdi. 2022-ci ildə “Kitab sənəti” müsabiqəsində Azərbaycan 3 nominasiya üzrə 1-ci, 4 nominasiya üzrə 2-ci, 2 nominasiya üzrə 3-cü yerə  layiq görülüb.