Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, akademik Rafael Hüseynovun 70 yaşı tamam olur. Bu münasibətlə Milli Kitabxanada “Akademik Rafael Hüseynov - 70” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgidə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, tərtibçi, “Ön söz”, məsləhətçi, rəyçi, tərcümə və redaktə etdiyi Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda nəşr olunun məqalələri nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Rafael Baba oğlu Hüseynov 1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olub. Burada 12 nömrəli şəhər orta məktəbini bitirib və Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil alıb.

Ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan “İrəli” qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlayıb və dövri mətbuatda vaxtaşırı çıxış edib.

Akademik Rafael Hüseynov orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş tədqiqatların müəllifidir. O, Məhsəti Gəncəvinin rübailərini tərtib edıb, H.Cavid, R.Rza və N.Rəfibəyli haqqında xatirələr kitabı yazıb, “Məhsəti Gəncəvi - özü, sözü, izi”, “Söz heykəli”, “Vaxtdan uca”, “Böyük yolun həqiqəti”, “İkinci olmayacaq” və s. əsərlərin müəllifidir.

Akademik Rafael Hüseynov 600-ə yaxın elmi araşdırmanın, 700-dən çox publisistik məqalənin müəllifi, 14 tammetrajlı sənədli-publisistik filmin ssenari müəllifi və rejissoru, 3500-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir.

Onun ssenarisi əsasında çəkilən televiziya filmləri arasında “Ocaq başı”(1990), “Məhsəti zirvəsi” (2013), “Söz məbədi. Nizaminin salamı” (2020), “Bakıxanovlar” (2020), “İşıqla yazılan tarix”(2020), “Hər evin qonağı”(2021) sənədli elmi-kütləvi filmləri var.

Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı "Nəğməli ömürlər" və "Axşam görüşləri" adlı həftəlik verilişlər silsiləsi efirdə səslənib.

Qeyd edək ki, Rafael Hüseynov 2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur. Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub. Fars, ingilis, rus və tacik dillərini bilir.

Akademik Rafael Hüseynov Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətləri və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyəti qiymətləndirilib. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb, “Şərəf” ordeni ilə təltif edilib.

***

Bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun 70 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında professor Rafael Hüseynovun elmi, ictimai və bədii fəaliyyətinə həsr olunmuş virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Prezident İlham Əliyev tərəfindən akademikin “Şərəf” ordeni ilə təltif edilməsi, ədəbiyyatşünaslıq elminin inkişafında olan xidmətləri, ictimai-siyasi fəaliyyəti haqqında məlumat verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Rafael Hüseynovun orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan çox ədəbiyyatşünaslıq əsərinin, dahi şəxsiyyətlərin həyat yoluna həsr edilmiş tədqiqatların müəllifi olması qeyd edilir.

Virtual kitab sərgisində Rafael Hüseynovun müəllifi olduğu Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “İkinci olmayacaq”, Rəfibəylilər nəslindən bəhs edən “Yurdun adındakı Azərbaycan”, Müslüm Maqomayev, Hüseyn Cavid kimi görkəmli şəxsiyyətlər haqqında məlumatların yer aldığı “Vaxtdan uca”, professor Şirməmməd Hüseynovun Xalq Cümhuriyyəti yaradıcılarının irsinin araşdırılmasındakı rolundan bəhs edən “Millət yaddaşının keşikçisi”, “Məshəti Gəncəvi özü, sözü, izi” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri sərgilənməkdədir.

Kitabxananın rəsmi saytına yerləşdirilən sərgi ilə https://ryl.az/multimedia/rafael-huseynov link vasitəsilə tanış ola bilərsiniz.