Azərbaycan dünya sıralamasında 30-cudur...
Fransa paytaxtında 26 iyul – 11 avqust tarixlərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında ümumilikdə 329 dəst medal (qızıl, gümüş, bürünc) bölüşdürülüb.
Olimpiadaya qatılan 205 yığmadan (204 ölkə və 1 qaçqın idmançılar yığması) 91-i medal sevincini yaşayıb.
Gözlənildiyi kimi, “Paris-2024"ün medal sıralamasında birinci Amerika Birləşmiş Ştatları olub: 126 medal (40 qızıl, 44 gümüş, 42 bürünc).
2-ci yeri Çin Xalq Respublikası tutub: 91 medal (40 qızıl, 27 gümüş, 24 bürünc). Onu da qeyd edək ki, Çinin xüsusi inzibati regionu olan Honkonq olimpiadada ayrıca iştirak edib və 4 medal (2-si qızıl) qazanıb.
Qızıl medalların əsas götürüldüyü sıralamada Yaponiya 3-cü (20 qızıl, 12 gümüş, 13 bürünc), Avstraliya 4-cü (18 qızıl, 19 gümüş, 16 bürünc), ev sahibi Fransa isə 5-ci (16 qızıl, 26 gümüş, 22 bürünc) olub.
İlk onluqda həmçinin Niderland (15 qızıl), Böyük Britaniya (14 qızıl), Cənubi Koreya (13 qızıl), İtaliya və Almaniya (hərəyə 12 qızıl) var.
Yeri gəlmişkən, Böyük Britaniya ümumi medal sayında (65) üçüncüdür, amma qızıl medal göstəricisinə görə 7-ci sıra ilə kifayətlənib. Bundan öncəki Tokio Olimpiadasında britaniyalı idmançılar 22 qızıl, 2016-cı ildə (Rio Olimpiadası) isə 27 qızıl qazanmışdılar.
Azərbaycan idmançıları "Paris-2024"də 7 medal (2 qızıl, 2 gümüş, 3 bürünc) qazanıblar. Ölkəmiz eyni göstərici ilə Xorvatiya ilə 30-31-ci yerləri bölüşdürüb.
Xatırladaq ki, Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram çəki dərəcəsi) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Azərbaycan medal əyarına görə Tokio Olimpiadasındakı nəticəsini yaxşılaşdırıb. İdmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş Oyunlarda 3 gümüş və 4 bürünc medal qazanmışdılar.
Budəfəki 30-cu yer Azərbaycan üçün indiyədək qatıldığımız olimpiadalar tarixində ən yüksək göstəricidir. Ölkəmiz 1996-cı ildə Atlanta Olimpiadasında 61-ci, “Sidney-2000”də 34-cü, “Afina-2004”də 50-ci, “Pekin-2008”də 39-cu, “London-2012”də 32-ci, “Rio-2016”da 39-cu, Tokio Olimpiadasında (2021) isə 67-ci olmuşdu.
“Paris-2024"də Azərbaycan postsovet ölkələri arasında Özbəkistan (8 qızıl), Ukrayna və Gürcüstandan (hərəyə 3 qızıl) sonra 4-cüdür. Özbəkistan tarixində ən yüksək nəticə göstərərək dünya sıralamasında 13-cü olub. Postsovet ölkələri sırasında bizdən sonra Qazaxıstan (1 qızıl), Qırğızıstan, Ermənistan, Moldova, Tacikistan və Litva (qızıl medalları yoxdur) var. Latviya, Estoniya və Türkmənistan medal qazana bilməyib. Rusiya və Belarus isə, məlum olduğu kimi, Paris Olimpiadasında iştirak etməyib.
Qeyd edək ki, Paris Olimpiadasından sonra estafeti Los Anceles (ABŞ) qəbul edib. XXXIV Yay Olimpiya Oyunları 2028-ci ildə bu şəhərdə keçiriləcək.
Vüqar Orxan