Prezident İlham Əliyev Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında yüksək nəticələr göstərən Azərbaycan idmançılarına və onların məşqçilərinə pul mükafatlarının verilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısının avqustun 13-də imzaladığı sərəncamla Paris Olimpiadasında birinci yeri tutan idmançıların hər biri 400 min, ikinci yeri tutan idmançılar 200 min, üçüncü yeri tutanlar isə 100 min manat mükafat alacaqlar. Medalçı olimpiyaçıların məşqçilərinə də onların aldıqları mükafatların 50 faizi məbləğində mükafatlar veriləcək.

Paris Olimpiadasında uğur qazanmış Azərbaycan idmançıları və onların məşqçiləri Milli Olimpiya Komitəsi (MOK) tərəfindən də mükafatlandırılıb. Qızıl, gümüş və bürünc medal almış idmançıların hər biri müvafiq olaraq 200 min, 100 min və 50 min manat, onların hər birinin məşqçisi, eləcə də medal qazanılmış idman növü üzrə komandanın baş məşqçisi qeyd olunan məbləğlərin yarısı qədər MOK-dan mükafat alacaqlar.

Bundan əlavə, dövlət başçısı XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə bir qrup idmançını və onların məşqçilərini medal və ordenlərlə təltif edib.

***

Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini həvəsləndirmək məqsədilə qərara alıram:

1. XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 avqust 2024-cü il

***

 

“Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında”
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı

 

Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələr göstərdiklərinə görə mükafatların müəyyən edilməsi məqsədilə,

1. XXXIII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat;

1.4. Komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

2. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsi sərəncamdan irəli gələn məsələləri həll etsin. 

İlham ƏLİYEV
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin Prezidenti
Bakı şəhəri, 13 avqust 2024-cü il

***

Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Heydərov Hidayət Minayət oğlu

Kotsoiev Zelim Oleqoviç

Məmmədov Elxan Əbülfəz oğlu

Trautmann Riçard

 

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Həsənov Tərlan Əliheydər oğlu

 

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Alfonso Dominguez Loren Berto Berto

Maqomedov Qaşim Maqomed oğlu

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Cəfərov Həsrət Valeh oğlu

Qiorqi Meşvildişvili Kaxa oğlu

Maqomedov Maqomedxan Maqomedoviç

 

3-cü dərəcəli “Əmək” ordeni ilə

Abdullayev Məmməd Kamil oğlu

Əliyev Həsən Həsən oğlu

Qazyumov Xetaq Ruslanoviç

Məmmədov Anar Vahid oğlu

Paşayev Niyaməddin Vaqif oğlu

Roque Otano Pedro

Tarakanov Aleksandr Petroviç

 

“Tərəqqi” medalı ilə

Qokşelidze Georgi

Əliyev Əli İman-Murzayeviç.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 avqust 2024-cü il