Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində aparılan arxeoloji qazıntıların birinci mərhələsi yekunlaşıb.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Bəxtiyar Cəlilovun rəhbərlik etdiyi tədqiqatlarda əsas məqsəd ərazidə qeydiyyata alınmış kurqanların elmi dövriyyəyə cəlb edilməsi, onların elmi potensialının müəyyənləşdirilməsi, Keşikçidağın mədəni irsinin tədqiqi və təbliğidir.
Qoruqdan bildirilib ki, arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələri bu ərazinin qədim sakinlərinin təsərrüfat həyatının, sosial-iqtisadi münasibətlər sisteminin, tayfa məskunlaşmasının və dini dünyagörüşünün bəzi xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir.
Ərazidə iki istiqamətdə kurqanlarda qazıntılar aparılıb. Birinci istiqamət Ağstafa rayonunun Ağgöl kəndindən 600 metr şimal-şərqdə qeydə alınmış kurqanlar, ikinci istiqamət isə Sarısoy kurqanlarıdır.
Sarısoy kurqanları özündə Xocalı-Gədəbəy mədəniyyətinin izlərini yaşadır və bu mədəniyyəti öyrənmək üçün əhəmiyyət kəsb edən dəfn adətləri mövcuddur. Kurqanın çox kiçik – uzunluğu təxminən 1,5 metr, eni 1 metr olan kamera (qəbir) hissəsi var. Burada 3 ədəd saxsı küp aşkar olunub. Qəbir kamerası şimal-qərb, cənub-şərq istiqamətində qurulub və bir nəfər dəfn olunub. Skeletin üzü cənub-qərbə doğrudur, sağ böyrü üstə və bükülü vəziyyətdədir. Maraqlı cəhətlərdən biri də odur ki, skeletin ön hissəsində qəbir boyunca ev heyvanı (keçi və ya qoyun) basdırılıb. İnsan və heyvan sümüklərinin düzümündən sonra kamerada boş yer qalmayıb. Belə qəbir abidələrinin tədqiqi Xocalı-Gədəbəy mədəniyyətində tayfaların dəfn adətlərini, dünyagörüşünü öyrənmək üçün mühüm rol oynayır. Əldə olunan nəticələr elmi dövriyyəyə məqalələrlə daxil ediləcək.
Ərazidə elmi-tədqiqat və arxeoloji qazıntı işləri davam etdiriləcək. Həmçinin “Keşikçidağ” qoruğunda növbəti yay məktəbi layihəsi həyata keçiləcək. Layihədə Bakı Dövlət Universitetinin, universitetin Qazax filialının tələbələri, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional Bölməsinin abidə mühafizəçiləri, tarix-diyarşünaslıq muzeylərinin, digər mədəniyyət müəssisələrinin əməkdaşları, rayonun ümumtəhsil müəssisələrinin tarix müəllimləri iştirak edəcəklər. İştirakçılar çöl arxeoloji ekspedisiyasının təşkili və aparılmasının xüsusiyyətləri, müxtəlif tarixi və arxeoloji məlumatların toplanılması və təhlili sahəsində təcrübə qazanacaqlar.