Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərində qəhrəmancasına şəhid olan Tapdıq Xələfovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkilir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin “Şəhid Tapdıq Xələfovun döyüş yolu” layihəsi çərçivəsində ərsəyə gələcək “Qələbəyə gedən yol” adlı 30 dəqiqəlik ekran işi sentyabrda tamaşaçılara təqdim olunacaq.
İctimai Birlikdən bildirilib ki, filmin çəkilişləri şəhidin boya-başa çatdığı Xaçmazın Qıraqlı kəndində həyata keçirilir. Filmin quruluşçu rejissoru Məhsim Məhsimov, prodüseri Vəli Turan, quruluşçu operatoru Azər Sultanovdur.
Qeyd edək ki, Xələfov Tapdıq Vidadi oğlu 1996-cı il, martın 29-da Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. 2012-ci ildə kənddəki tam orta məktəbi bitirib. Hələ kiçik yaşlarından vətənə sevgisi ilə fərqlənən Tapdıq hərbi xidmətini başa vurduqdan bir neçə il sonra “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının komando hazırlığı kursu”nu uğurla başa vuraraq taleyini yenidən orduya bağlayıb. Tapdıq Xələfov sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.