Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişah qalasında aparılan tədqiqatlar zamanı yeni maddi mədəniyyət nümunələri üzə çıxıb. İyulun 15-dən başlanan tədqiqatlar zamanı miniatür saxsı materiallardan hazırlanan kasalar və saxsı borudan hazırlanan kanalizasiya xətti aşkarlanıb.
Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevin sözlərinə görə, maddi mədəniyyət nümunələri əsasən XII-XIV əsrləri əhatə edir: “Həmin kaşıların qalada aşkar olunması çox möhtəşəm memarlıq üslubunda bir binanın olmasının göstəricisidir. 8 metr uzunluqda saxsı borudan hazırlanmış kanalizasiya xətti aşkar olunub, bu da o deməkdir ki, biz qazıntının təməlinə gəlib çatmışıq. Bura el arasında Divəkə qalası, “divlər evi” adlandırılıb”.
Ekspedisiyanın üzvü Ülkər Camalova bildirib ki, qalada daha çox fayans tipli keramika nümunələri tapılıb: “Kaşı nümunələri XII əsrin ortalarından XIII əsrin əvvəllərinə qədər məhz firuzəyi rəngdə üstünlük təşkil edirdi. XIII əsrin ortalarından XIV əsrin əvvəllərinə qədər artıq bu rəng çalarları genişlənməyə başladı. Tünd-göy, mavi, qara, ağ rəngli nümunələrə daha çox rast gəlinir. Azərbaycanda kaşının ən gözəl nümunələrinin istehsalı XIII əsrdən başlayıb. Buna Cənubi Azərbaycanda, hazırda Marağa şəhərində, Qırmızı Gümbəz adlanan abidədə rast gəlinir. Təbrizdəki Göy məsciddə də kaşılardan geniş istifadə olunub. Naxçıvanda Möminə xatın türbəsinin dekorativ-estetik görünüşünü kaşılar bəzəyib”.
Alaşa kəndi ərazisində 70 metr hündürlükdə yerləşən Əlişah qalası İran ilə həmsərhəddir. Qaladan Xəzər dənizi aydın müşahidə olunur. Bu da o deməkdir ki, ərazi müşahidə qalası kimi düzgün strateji mövqedə seçilib.