125 yerə 1052 namizəd var

 

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 15-də çap prosesinin gedişi və bununla bağlı yaradılmış şəraitlə tanış olub. Qeyd olunub ki, seçki bülletenləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada çap edilib başa çatdırılmalı, bütün proses ərzində Seçki Məcəlləsinin müvafiq müddəalarına əməl olunmalıdır. MSK sədri diqqətə çatdırıb ki, VII çağırış Milli Məclisə seçkilərdə səsvermə üçün ümumilikdə 6 milyon 516 min 567 seçki bülleteni çap olunacaq.

Parlament seçkiləri ilk dəfə Azərbaycanın bütün ərazisində, 125 seçki dairəsində keçiriləcək. İşğaldan azad olunmuş ərazilərdə 34 seçki məntəqəsi yaradılıb.

Parlament seçkilərində 1052 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 308 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb.

Yeni Azərbaycan Partiyası 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb. Namizədlərin sayına görə ikinci sırada Müsavat Partiyasıdır (24 namizəd). Dörd partiya seçkilərdə cəmi 1 namizədlə iştirak edəcək.

Namizədliyi qeydə alınan 1052 nəfərin 182-si işləmir. Namizədlərin 47 nəfəri pensiyaçı, 5-i isə tələbədir. Namizədlərdən ən yaşlısı 1937-ci il təvəllüdlü, ən gənci isə 2006-cı il təvəllüdlüdür.

Mədəniyyət sahəsində tanınan şəxslərdə deputatlığa namizəddir. Onların arasında keçmiş mədəniyyət naziri, Azərbaycanın Rusiyadaki səfiri Polad Bülbüloğlu (124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi), Türk Mədəniyyəti və İrsi Fondunun keçmiş prezidenti Günay Əfəndiyeva (14 saylı Xəzər-Pirallahı seçki dairəsi), ədəbiyyatşünas Elnarə Akimova (46 saylı Sumqayıt beşinci seçki dairəsi), Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov (63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi) və başqaları var.

Qeyd edək ki, Seçki Məcəlləsinin müvafiq müddəasına uyğun olaraq, avqustun 9-da deputatlığa namizədlərin rəsmi təşviqat kampaniyası başlayıb. Təşviqat kampaniyası səsverməyə bir gün qalmış, avqustun 30-da başa çatacaq.