Daha yeddi itkinin dəfn mərasimi olub
Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını itirməklə bərabər, minlərlə şəhid vermişdi. Vətən övladları düşmənə qarşı mərdliklə, şücaətlə döyüşdü. Ölkəmizin hər kəndinə, şəhərinə şəhid xəbərləri gəldi. Dəfn edilən şəhidlərlə yanaşı, məzarları üzərinə naməlum şəhid yazılanlar da oldu.
Bununla belə, həmin savaşda niyə məğlub duruma düşdüyümüzün, Ermənistanın nəyin hesabına ərazilərimizi işğal etdiyinin səbəbləri, əslində, elə onda da hər kəsə bəlli idi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində cəmi 44 günə illərlə köz bağlayan dərdlərə, acılara son qoyuldu. Ərazilərimizin işğaldan azad edilməsi ilə yanaşı, itkin düşmüş sayılan, torpağa adsız tapşırılan neçə-neçə igidin taleyi də məlum oldu. İndi onlar öz adları ilə, yaxınlarının, əzizlərinin iştirakı ilə yenidən torpağa tapşırılırlar.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti qurumlarla birgə bu istiqamətdə müvafiq iş aparır.
Dövlət Komissiyası kimliyi müəyyən olunan daha yeddi itkin-şəhidlə bağlı məlumat yayıb.
Avqustun 15-də Cavanşir Ərşad oğlu Hüseynov, Tahir Şirin oğlu Şirinov, Elman Hüseyn oğlu Camalov və Əbülfəz Əbülfət oğlu Əbilov Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında, Camaləddin İbad oğlu İbrahimov paytaxtın Suraxanı rayonunun Əmircan kəndində, Qənbər Teymur oğlu Yarıyev Salyan rayonunun Şəhidlər xiyabanında, Təranə (Əsmayə) Davud qızı Zeynalova Bərdə şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
***
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçi Hüseynov Cavanşir (1960) və mülki şəxs Şirinov Tahir Şirin oğlu (1959) Cəbrayıl rayonunun Doşulu kəndində anadan olublar.
Qeyd edək ki, Şirinov Tahir Şirin oğlu 23 oktyabr 1993-cü il tarixdə atası Şirinov Şirin Bilal oğlu, qardaşı Şirinov Nazim Şirin oğlu və dayısı oğlu Hüseynov Cavanşir Ərşad oğlu ilə birlikdə Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb. Nazim Şirinovun qalıqları iyunun 7-də Mehdiabaddakı Şəhidlər xiyabanında dəfn olunub.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən Elman Camalov 1970-ci ildə Bakının Nəsimi rayonunda, Alatava qəsəbəsində anadan olub. 1991-ci ilin noyabr ayında Malıbəylidə gedən döyüşlərdə iştirak edib. 1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşüb.Onun qalıqları 32 il sonra Daşaltı ətrafında aşkarlanan kütləvi məzarlıqda tapılıb və kimliyi müəyyən edilib.
***
Əbülfəz Əbülfət oğlu Əliyev 1961-ci ildə Saatlı rayonunun Şirinbəy kəndində anadan olub. 1993-cü ilin dekabr ayında hərbi xidmətə gedib. 1994-cü ildə itkin düşməsi barədə ailəsinə məlumat verilib. Əbülfəz Əbilov isə 1994-cü ilin yanvarın 1-də Füzuli rayonun Aşağı-Seyid Əhmədli kəndində şəhidlik zirvəsinə yüksəlib. Əbülfəz Əbilovun qalıqları 30 ildən sonra Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində yerləşən kütləvi məzarlıqdan tapılıb, kimliyi müəyyən edilib.
***
Yarıyev Qənbər Teymur oğlu 1966-cı ildə Salyanda dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1992-ci il yanvarın 26-da Şuşa rayonu Daşaltı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanıb.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbrahimov Camaləddin İbad oğlu 1994-cü ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
***
Təranə (Əsmayə) Davud qızı Zeynalova 1970-ci ildə Kəlbəcərdə anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində, “Tunel” deyilən yerdə qardaşları Məhəmməd, Nizami və Farizlə birgə itkin düşmüşdü. Onun nəşinin qalıqları Laçının Malıbəy kəndi istiqamətində tapılıb.