BMT-nin Baş Assambleyası dezinformasiyanın yayılması ilə bağlı narahatlığını ifadə edib və baş katibin feyk xəbərlərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığı təşviq etmək istiqamətində səylərini alqışlayır.

BMT-nin saytı xəbər verir ki, baş katib Antonio Quterreş dezinformasiyaya qarşı mübarizə üzrə dövlətlər, BMT-nin qurumları və digərləri tərəfindən paylaşılan məlumatlara və ən yaxşı təcrübələrə əsaslanan hesabat təqdim edib.

“İnsan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün dezinformasiyaya qarşı mübarizə” adlı hesabat dezinformasiyanın yaratdığı problemləri və ona qarşı mübarizə yollarını göstərir, müvafiq beynəlxalq hüquqi bazanı müəyyən edir, dövlətlərin və texnologiya müəssisələrinin bu istiqamətdə gördüyü tədbirləri müzakirəyə çıxarır.

“Dezinformasiyaya qarşı mübarizə cəmiyyətdə dayanıqlığın, düzgün media və informasiya mühitinin yaradılmasının təmin edilməsinə davamlı investisiya qoyulmasını tələb edir. Son onilliklər insanların qarşılıqlı əlaqə, ünsiyyət və dünya haqqında məlumat əldə etmə üsullarını tamamilə dəyişdirən sürətli texnoloji dəyişikliklərlə yadda qaldı. İnsanlar indi bütün bəşəri biliklərə sahibdirlər, xəbərlər və məlumatlar saniyələr ərzində yayılır”, – deyə hesabatın giriş hissəsində vurğulanır.

Hesabatda qeyd olunur ki, bəzən dezinformasiya dövlət və ya qeyri-hökumət aktorları tərəfindən də yayılır. Bu, geniş insan hüquqlarına təsir göstərə, dövlət siyasətinə reaksiyaları sarsıda və ya fövqəladə vəziyyət, silahlı münaqişə zamanı gərginliyi artırar. Seçki prosesi, ictimai sağlamlıq, silahlı münaqişələr və ya iqlim dəyişikliyi kimi müxtəlif məsələlərlə bağlı dezinformasiya ilə əlaqədar narahatlıqların yarana biləcəyi çoxsaylı və müxtəlif kontekstləri nəzərə alaraq beynəlxalq ictimaiyyət yanlış məlumatları yayanlara qarşı mübarizədə səyləri birləşdirməlidir.