Avqustun 14-də Bakıda, “Xalqlar dostluğu” metrosunun yaxınlığında yerləşən Heydər parkında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Bir peşənin sirri” festivalı keçirilib.
Agentlikdən bildirilib ki, sayca beşinci festivalda həm paytaxtda yerləşən, həm də regionlardakı peşə təhsili müəssisələri təmsil olunub.
Agentliyin direktoru Ceyhun Kərəmov və Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova tədbirdə çıxış ediblər. Belə tədbirlərin gənclərin peşə seçiminə müsbət təsir göstərdiyi vurğulanıb.
Festivalda peşə məktəblərinin turizm, mədəniyyət, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri təqdim edilib. İştirakçılar arasında əyləncəli və maarifləndirici xarakterli müxtəlif yarışlar (meyvə salatının hazırlanması, konturların səliqəli rənglənməsi və s.) keçirilib. Saç düzümü, makiyaj, rəngli saplarla əl işləri, kokteyl hazırlanması kimi ustad dərsləri də böyük marağa səbəb olub.
Festival gənclər arasında peşə təhsilinə marağın artmasında və onların gələcək peşə seçimində mühüm rol oynamaqla yanaşı, cəmiyyətin bu sahəyə olan diqqətini dəstəkləyir.
Yeri gəlmişkən, 12 avqustda 2024–2025-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub. Qəbulun I mərhələsində www.portal.edu.az platforması vasitəsilə 27 269 şəxs 87 656 ixtisas üçün müraciət edib.
Peşə təhsili almaq istəyən şəxslər daha çox İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər. Müsabiqə nəticələrinin 17 avqust tarixində elan olunması nəzərdə tutulur.