Layihə çərçivəsində 200-dək şagird üçün maraqlı proqram tərtib edilib
Avqustun 15-də Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində “Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi keçirilib. Layihənin məqsədi yay tətili müddətində doğma yurda qayıtmış Füzuli məktəblilərinin asudə vaxtının maraqlı və əyləncəli təşkilidir.
Avqustun 18-dək davam edəcək layihə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşir.
Özbəkistan Respublikası Prezidentinin hədiyyəsi olan, 2023-cü ilin avqust ayında istifadəyə verilmiş Füzuli şəhər Uluqbəy adına 1 nömrəli tam orta məktəbinin şagirdləri də layihədə iştirak edir.
Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət Nazirliyinin əməkdaşı və yay məktəbinin koordinatoru Rəfiqə Baxşiyeva layihənin məqsədi, nəzərdə tutulan fəaliyyətlər barədə söz açıb. O, yay məktəbinin keçirilməsinə dəstək göstərən bütün qurumlara təşəkkürünü bildirib.
Daha sonra Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzinin kollektivi Azərbaycan və qazax dillərində əbədi-bədii kompozisiyalarla çıxış ediblər. Füzuli məktəblilərinin ifasında Azərbaycan muğamları, qazax folklor nümunələri dinlənilib, hər iki xalqın rəqsləri nümayiş olunub, həmçinin mərkəzin xor kollektivi tərəfindən musiqi nömrələri səsləndirilib.
Gün ərzində məktəblilər üçün rəsm dərsləri, taxta üzərində oyma üzrə ustad dərsi və əyləncəli oyunlar keçirilib.
Sonda tədbirin təəssüratlarını öyrənmək üçün məktəblilərlə sorğu sessiyası təşkil olunub.
Bildirək ki, yay məktəbi çərçivəsində ümumilikdə 200-dək şagird üçün maraqlı proqram tərtib edilib. Tanınmış təhsil, sənət, idman xadimləri müxtəlif təqdimatlarla çıxışlar edəcək, əyləncəli məzmunlu proqram təşkil olunacaq.
Yay məktəbinin ikinci günündə Qarabağ bölgəsi musiqi məktəbləri şagirdlərinin Əməkdar artist, xanəndə Təyyar Bayramovun rəhbərliyi ilə “Qarabağ bülbülləri” Füzulidə” adlı konsert proqramı da keçiriləcək.
Digər günlərdə Xalq artistləri – opera müğənnisi Samir Cəfərov və aktyor Vidadi Həsənov, yazar, ədəbiyyatşünas Ramil Əhmədin müvafiq sahələr üzrə ustad dərsləri təşkil olunacaq.
Şagirdlərin valideynləri ilə görüşlər, məsləhət saatları, eləcə də açıq məkanda əyləncəli yarışmaların keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, yay məktəbi dövlət və özəl sektorun əməkdaşlığı ilə reallaşır. “Sirab”, “Azərçay” və “Nort Vest” şirkətləri də layihəyə dəstək verir.