Şəhid övladları üçün yay düşərgəsi

 

Avqustun 13-dən 18-dək Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün “Ənənə” yay düşərgəsi keçirilir. Düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun tərəfdaşlığı, “Bakcell”in baş sponsorluğu ilə təşkil edilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hərbi vətənpərvərlik və milli ənənələr mövzusunda təşkil olunan düşərgədə 50-dək şəhid övladı iştirak edir.

Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və digər rəsmilər iştirak ediblər.

Düşərgədə iştirakçılar üçün oxatma, atçılıq və digər qədim milli oyun növləri üzrə yarışlar keçirilir.

Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün bundan əvvəl Londonda yay məktəbi, Antalyada isə yay düşərgəsi keçirilib. Fond tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.

***

Şəhid və qazi övladları üçün daha bir yay düşərgəsi Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının dəstəyi ilə təşkil olunub. Bu, “Əmanət – şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsi” çərçivəsində 4-cü yay düşərgəsidir.

Rəsədxanada bildirilib ki, 2024-cü ildə devizi “Təbiətə əmanət” olan düşərgədə ətraf mühitin qorunması ilə bağlı müxtəlif təlim və əyləncələr üstünlük təşkil edib, mentorlarla görüş təşkil olunub.

Rəsədxananın muzeyinə ekskursiya keçirilib, rəsədxananın tarixi, Yardımlı meteoriti, digər daha kiçik meteorit nümunələri və digər eksponatlar haqqında məlumat verilib.

Düşərgə müddətində “Təkrar emal” master-klası, Şamaxı Safari parkına və Dəmirçi Arxeologiya Muzeyinə də ekskursiyalar təşkil olunub.