Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Türkiyənin Turizm Şirkətləri Assosiasiyası (TURSAB) arasında əməkdaşlıq memorandumu imzalanacaq.
AZTA idarə heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, TURSAB-ın sədri Başaran Ulusoyun rəhbərlik etdiyi nümayəndə heyəti bu məqsədlə mayın 12-dən 15-dək ölkəmizdə səfərdə olacaq.
N.Bağırov qeyd etdi ki, Türkiyə azərbaycanlı turistlərin hər zaman maraq göstərdiyi bir istiqamətdir: «İki ölkənin turizm assosiasiyalarının başlıca məqsədi qarşılıqlı turizm səfərlərinin yüksək səviyyədə təşkilinə yardım etməkdir. TURSAB sədri ilə yanaşı, qurumun tərkibinə daxil olan 20-dək turizm şirkətinin rəhbəri də ölkəmizə gələcək. Bu turizm şirkətlərinin fəaliyyəti əsasən ölkədən kənarda Türkiyə vətəndaşlarının istirahətini təmin etməkdən ibarətdir. Onların vasitəsilə həmin turistləri ölkəmizə cəlb etmək niyyətindəyik».

F.Abdullayeva