Avqustun 16-da TÜRKSOY-un Ankaradakı baş katibliyində görkəmli teatr və kino aktyoru, rejissor, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Cahangir Novruzovun 70 illik yubileyi qeyd olunub.

TÜRKSOY, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iki qardaş ölkənin diplomatları, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə Cahangir Novruzovun yaradıcılıq yolunu əks etdirən fotosərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev sənətkarı yubileyi münasibətilə təbrik edib, onun Azərbaycanda və Türk dünyasında teatr sahəsinin inkişafına töhfələr verdiyini bildirib. Qeyd olunub ki, Cahangir Novruzovun rol aldığı, quruluş verdiyi səhnə əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanır: “Cahangir Novruzov son 30 ildə Türkiyədə fəaliyyət göstərib, qardaş ölkənin incəsənət sahəsi üçün peşəkar kadrların yetişdirilməsində yaxından iştirak edir. Türk mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə sənətkara minnətdarıq”.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Cahangir Novruzovu bütün Türk dünyası mədəniyyətinin görkəmli nümayəndəsi kimi xarakterizə edib. Diplomat deyib ki, görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovanın ailəsində dünyaya gələn aktyor anasının sənət yolunu davam etdirib. 

Ölkəmizin TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yubilyar sənətkara təbrik məktubunu oxuyub. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev də qurumun təbrik məktubunu diqqətə çatdırıb.

Digər çıxışlardan sonra kürsüyə gələn Cahangir Novruzov yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Sonda Azərbaycanın tanınmış balabançısı, Xalq artisti Əlixan Səmədovun ifasında musiqi nömrələri səsləndirilib.

Baş katib Sultan Raev sənətkara TÜRKSOY-un 30 illik yubiley medalını təqdim edib.