“Qardaş xalqlarımız qarşısında sənət borcumu yerinə yetirirəm”

 

Bu il Azərbaycanın tanınmış teatr xadimi, aktyor, rejissor, Xalq artisti Cahangir Novruzovun 70 illik yubileyidir. Sənətkar uzun illərdir qardaş Türkiyədə pedaqoji fəaliyyət göstərir, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professorudur.

Avqustun 16-da Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Katibliyində Cahangir Novruzovun 70 illik yubileyi qeyd olunub.

TÜRKSOY, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iki qardaş ölkənin diplomatları, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə Cahangir Novruzovun yaradıcılıq yolunu əks etdirən fotosərgi ilə tanış olublar.

TÜRKSOY-un baş katibi Sultan Raev sənətkarı yubileyi münasibətilə təbrik edib, onun Azərbaycanda və Türk dünyasında teatr sahəsinin inkişafına töhfələr verdiyini bildirib. Qeyd olunub ki, Cahangir Novruzovun rol aldığı, quruluş verdiyi səhnə əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanır: “Cahangir Novruzov otuz ilə yaxındır Türkiyədə fəaliyyət göstərir, qardaş ölkənin incəsənət sahəsi üçün peşəkar kadrların yetişdirilməsində yaxından iştirak edir. Türk mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə sənətkara minnətdarıq”.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Cahangir Novruzovu Türk dünyası mədəniyyətinin görkəmli nümayəndəsi kimi xarakterizə edib. Diplomat deyib ki, korifey sənətkarımız Nəsibə Zeynalovanın ailəsində dünyaya gələn aktyor anasının sənət yolunu davam etdirib.

Ölkəmizin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yubilyar sənətkara təbrik məktubunu oxuyub. “Respublikamızın önəmli sənətkarlarından biri olmaqla yanaşı, ölkəmizin bir çox mühüm sənət adamlarının təhsilinə və sənət aləmində varlığına verdiyiniz töhfələrə görə Sizə təşəkkür edirik. İnanırıq ki, bundan sonra da milli mədəniyyətimizin inkişafına töhfələriniz olacaqdır”, – deyə məktubda vurğulanır.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev qurumun təbrik məktubunu diqqətə çatdırıb.

Türkiyə Dövlət Teatrının aktyoru və rejissoru Boğaçhan Sözmen, Cahangir Novruzovun tələbəsi və həmkarı, Çukurova Universiteti Dövlət Konservatoriyasının direktor müavini İsmayıl Dikilitaş, Ankaradakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, TADEF – Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Ədalət Turan, Cahangir Novruzovun uşaqlıq dostu Əmrullah Məmmədov və digər çıxışçılar sənətkara xoş arzularını bildirib, təbriklərini çatdırıblar.

Çıxışlardan sonra kürsüyə gələn Cahangir Novruzov yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Sonda Azərbaycanın tanınmış balabançısı, Xalq artisti Əlixan Səmədovun ifasında musiqi nömrələri səsləndirilib.

Baş katib Sultan Raev sənətkara TÜRKSOY-un 30 illik yubiley medalını təqdim edib.

Yubilyara müxtəlif qurumlar və tədbir iştirakçıları adından xatirə hədiyyələri verilib.

***

Yaradıcılığımla, Azərbaycanda və Türkiyədə teatrın inkişafına töhfəmlə iki ölkənin xalqları qarşısında sənət borcumu yerinə yetirirəm. Gələcəkdə də Türk dünyası naminə yaşayıb-yaradacağam.

Bu sözləri TÜRKSOY-da 70 illik yubileyi qeyd edilən Azərbaycanın Xalq artisti, professor Cahangir Novruzov deyib.

Sənətkar xatırladıb ki, 1994-1995-ci illərdə həm Türkiyədən, həm də Almaniyadan iş təklifi alıb, amma qardaş ölkəni seçib. “Bütün həyatımı və yaradıcılığımı millətimə həsr etmişəm. Ürəyi Azərbaycan və Türkiyə incəsənəti naminə döyünən hər kəsə minnətdaram”, – deyə o vurğulayıb.

Cahangir Novruzov xalqımızın irsini yaşadan Azərbaycan dövlətinə minnətdarlığını bildirib: “Babam, Azərbaycan teatr sənətinin görkəmli xadimi, 150 illik yubileyi Bakıda geniş şəkildə qeyd olunan Cahangir Zeynalovun xatirəsinə göstərdiyi diqqətə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür edirəm”.

O, babası Cahangir Zeynalovun Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri olduğunu xatırladıb. “O, sahibkar və tanınmış xeyriyyəçi idi, həyatını doğma xalqının maariflənməsi işinə həsr edib. “Min canım olsaydı, onların hər birini xalqıma həsr edərdim” deyən babamın vəsiyyətinə daim əməl etməyə çalışmışam...”.