Sentyabrın 19-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış rusiyalı pianoçular, beynəlxalq müsabiqələr laureatları Daniil Kirillov və Anna Rasinanın iştirakı ilə "Universum" adlı konsert proqramı təqdim olunacaq.

Filarmoniyadan bildirilib ki, ilk dəfə Gəncədə çıxış edəcək musiqiçilər V.A.Motsart, İ.S.Bax, L.V.Bethoven, P.Maskanyi, F.Mendelson və S.Raxmaninovun əsərlərini ifa edəcəklər.

Daniil Kirillov 1990-cı ildə Rusiyanın Omsk şəhərində doğulub. 2014-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını fortepiano ixtisası (professor Eliso Virsaladzenin sinfi) üzrə bitirib. 2018-ci ildən Rusiya Böyük Teatrının B.A.Pokrovsk adına Kamera səhnəsinin konsertmeysteridir.

Anna Rasina da onunla eyni yaşdadır. 2007-ci ildə “Yeni adlar” Fondunun (yaradıcı gənclərə dəstək verən xeyriyyə fondu, hazırda rəhbəri məşhur pianoçu Denis Matsuyevdir) təqaüdçüsü olub. Xantı-Mansiysk şəhərində (Tümen vilayəti, Xantı-Mansiysk Muxtar Dairəsinin inzibati mərkəzi) İncəsənət internat-kollecini, 2013-cü ildə isə Moskvada Maymonid adına Dövlət Klassik Akademiyasını (fortepiano sinfi) bitirib. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur.

Qeyd edək ki, konsert proqramının media dəstəkçiləri arasında “Mədəniyyət” qəzeti də var.