Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Təbiət bir kitabdır” adlı nəşri işıq üzü görüb.

MEK-dən bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ərsəyə gələn bu kitabda təbiət və ətraf mühitin mühafizəsinə, eləcə də həyatın başlanğıcı olan su, od, torpaq və digər komponentlərə dair aforizmlər və müdrik fikirlər yer alıb. Ən qədim dövrlərdən günümüzə qədər dünya elmi tarixində iz qoymuş filosofların, elm adamlarının, görkəmli şəxsiyyətlərin müdrik fikir və aforizmləri burada “Təbiət”, “Ekologiya və ətraf mühit”, “Kainat, hava, səma, ay, ulduzlar və bulud”, “Günəş və od”, “Torpaq”, “Su”, “Dəniz, okean və çay”, “Yağış”, “Külək”, “Fəsillər”, “Dağ”, “Meşə”, “Ağaclar”, “Çiçəklər və bitkilər”, “Canlılar aləmi” bölmələri üzrə toplanıb.

Kitab Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin təbiət və ekoloji vəziyyət haqqında fikirləri, eləcə də dövlətimizin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə başlayır.

Nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru Hüseyn Hüseynov, toplayıb tərtib edəni MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin rəhbəri Səyyarə Məmmədovadır.

Bu kitabı MEK-in saytına daxil olaraq onlayn şəklində də oxumaq mümkündür.